“Sabah”ın U-10 komandası İspaniyanın Madrid şəhərində keçirilən “Madcup” beynəlxalq turnirində iştirak edib. Azərbaycan təmsilçisi yekunda “Bürünc Liqa”da ikinci yeri tutub.
Komandanın baş məşqçisi Savalan Əlizadə “FutbolPress“ə açıqlamasında turnirlə bağlı fikirlərini bölüşdü:
“İspaniyada ən səviyyəli turnirlərdən birində mübarizə apardıq. Bəzi oyunlar da sosial şəbəkə vasitəsilə canlı yayımlanırdı. Ümumilikdə, turnirdə 807 komanda mübarizə aparırdı. Həm qızlar, həm də oğlanlar arasında yarışlar oldu. Açılış isə “Atletiko”nun stadionunda – “Vanda Metropolita”noda oldu. İspaniyalı keçmiş futbolçular – David Vilya, Fernando Torres də turnirin qonağı oldu. Yaxşı təşkilatçılıq var idi.
Turnirdə “Atletiko”nun əsas U-10 komandası ilə qarşılaşdıq. Bəzi məşqçilər deyir ki, güclü rəqiblərlə qarşılaşmaq yaxşı olmadı. Amma məncə, güclülərlə oynayıb, nələrsə öyrənmək, öz səviyyəmizi bilmək lazımdır. Bu cəhətdən onlarla oynamaq möhtəşəm idi. Qrupdan dördüncü sırada çıxdıq. Turnirin formatında belə şey var ki, qrupda yerlərə uyğun qızıl, bürünc, gümüş liqalar mövcuddur. Biz də “Bürünc Liqa”da yarışdıq və ikinci sıranı tutduq. Çempion da ola bilərdik, sadəcə uşaqlar yoruldu. Qol vurur, qol buraxırdıq. Ümumiyyətlə, bizim üçün faydalı və maraqlı turnir keçdi”.
Mütəxəssis İspaniya klublarının akademiyaları ilə tanış olduğunu, ordakı bazaların üstünlüklərindən söz açdı:
“Yarışdan sonra “Atletiko”nun akademiyası ilə tanış olduq, koordinatorlarla 2 saatlıq seminarlar oldu. Burada bir çox məlumat əldə etdik. Tək Madriddə klubun 6-7 bazası var. U-6-dan U-23-ə qədər komandalar var. Təsəvvür edin, U-6-nın iki, U-7, U-8-in 3, daha yuxarı yaşların 6 komandası var. Onlar kütləviliyə nail olub və bir yaş qrupu üzrə bir neçə komanda yaradır, sonda ən yaxşılardan ibarət bir heyət qururlar. Möhtəşəm turnir oldu. Bir stadionda bəzən 2-3 komanda oynaya bilərdi”.
Əlizadə Azərbaycan və İspaniyada akademiyala arasında fərqlərdən danışdı:
“Bizimlə onların bazaları arasında böyük fərqlər var. Tək “Atletiko”da akademiyanın özündə 7-8 stadion var. Hələ ortabab klublardan demirəm. Onların da kifayət qədər stadionları var. Baxırsan, əsas, ikinci liqada oynamırlar. Məşqləri demək olar, eyni prinsip üzərində gedir, çox fərqlər yoxdur. Amma bir məsələ var ki, orada kompleks yanaşmalar var. Valideynlərlə məşqçilər, uşaqlar arasında münasibətlər fərqlidir. Aşağı yaş qruplarında bir yox, bir neçə məşqçinin iştirakı ilə hazırlıqlar keçirilir. Komandaların baş məşqçiləri “Pro” kateqoriyasına sahibdirlər. Başa düşürsüz, nə deməkdir? Bizdə ümumiyyətlə “Pro” kateqoriyası olanlar azdır. Ancaq onlarda aşağı yaş qruplarında bu kateqoriyalı məşqçilər işləyir. Köməkçilərinin isə A Kateqoriyası olur. Onlar məşqlərə baxır, uşaqları yoxlayırlar. Yekunda məşqçilər arasında görüşlər keçirilir.
Əsas fərqlər baza və komandalarla bağlıdır. Onların aşağı yaş qruplarında kateqoriyalar üzrə çoxlu komandalar var. 10 yaşadək 6 komanda var və onların arasında yekun əsas komanda formalaşdırılır. Bizdə isə belə deyil. Bir klubun aşağı yaş qruplarında demək olar, bir sayda komanda var. Həm də, bizdə valideynlərin məşq proseslərinə müdaxilələri çox olur. Uşaqlara, məşqçilərə danışır, atmacalar atırlar. Amma orda belə deyil. Hamının düşündüyü şey uşağın inkişafıdır. Uşaq udanda da alqışlayırlar, uduzanda da. Amma təəssüf ki, bizdə belə deyil. Heç bir futbolçu qışqır-bağırla, əsəblə inkişaf edə bilməz. Valideyn kənarda durmalı və uşağın inkişafına çalışmalıdır”.
Mütəxəssis sonda beynəlxalq turnirlərin uşaqların və məşqçilərin inkişafına təsirinə toxundu:
“Əlbəttə, belə turnirlərin uşaqlar və məşqçilər üçün faydaları çoxdur. Uşaqlar beynəlxalq turnirdə zəif və güclü komandalarla oynayır, təcrübə toplayırlar. Məşqçilər üçün da müsbət məqamlar çoxdur. Fərqli akademiyaların, məşqçilərin iş prosesləri ilə tanış oldu. Çalışdıq ki, bacardığımız qədər müsbət şeylər öyrənək, öz futbolumuz üçün yaxşı şeylər edə bilək”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.