Ədəbiyyatda islaholunmazlığın müxtəlif formalarda geniş təsviri verilib. Elvin Cəfərquliyevin Haiti ilə (0:3) oyunda aldığı qırmızı vərəqə islaholunmazlığın bariz nümunələrindəndir.
Niyə, nə səbəbə?
“Qarabağ”ın avrokubok oyunlarında aldığı “qırmızıar” Elvinin çılğınlığına bağışlandı. Meydanda can qoyur, emosional dinamika onu bu hala gətirə bilər… Belə-belə bəhanələrlə guya yeni futbolçu qazanmaq məqsədilə yanaşdıq, ancaq qeyri-peşəkar davranışları sıralamaqda inkişaf edən köntöy bir futbolçu modeli yarandı/yaratdıq.
Elvinin istedadlı futbolçu olduğunu iddia edənlərin romantikası ilə bir işimiz yox, ancaq Haiti ilə oyunda gücü hesabına qabaran, elə istedadlı olmayan bir futbolçunu müşahidə elədik.
Psixoloji hazırlıq bir idmançının peşəkarlığının ən vacib göstəricilərindən biridir. Elvinin “performansı” isə bu nəsnəyə zidd gəlməkdədir. Belə şey olmur – anidən meydandan qovula bilərsən. Xeyirdimi?! Balotellisən, kaprizinə dözək?
Başını aşağı salıb qaçırsan, topa çatıb hərəkətlilik yaradırsan. Pakizə. Digər “əhlikef” yoldaşlarından fərqləndin, əntiqə!
Bəs peşəkarlığın hanı? Hər an “qırmızı” ala biləcəyin ehtimalı ən qabarıq “keyfiyyətinə” çevrilib artıq. Özünü cilovlaya bilməyən enerji barədə heç də yaxşı mülahizələr yürüdülmür. Yəqin çəki-düzən verməyi bacaracaqsan, hansı ki, bu, vacibdir, hətta məcburidir. İslah oluna bilməyənlərin yeri barədə düşün, heç olmasa, özünü islaha cəhd et. Millinin sənin nizamsızlığına borcu yoxdur…
Kamil Əhməd