Azərbaycan futbolunun inkişafı uşaq futbolundan başlayır. Premyer Liqa klubları akademiyalarına nə qədər çox diqqət yetirib, bu istiqamətdə işlər görsə, inkişafa təkan verilər. Son illərdə ölkə futbolunda akademiyası ilə seçilən klublardan biri “Sabah”dır. “Qəbələ” Futbol Akademiyasından sonra akademiya sektorunda canlanmaya səbəb olan “bayquşlar” artıq işlərin bəhrəsini görməkdədir.
“Sabah” klubunun U-10 komandasının məşqçisi Məhərrəm Müslümzadə ilə akademiyadakı durumdan danışdıq. Uzun müddətdir, aşağı yaş qrupları ilə çalışan mütəxəssis indiki vəziyyəti dəyərləndirdi:
“Artıq üç ildir, bu yaş qrupu ilə işləyirəm. Komandanın durumu yaxşıdır, məşqlərimiz davam edir. Hansısa problemimiz yoxdur. Ölkə çempionatında oynayırıq və qarşıda beynəlxaq turnirdə iştirak edəcək”.
Müslümzadənin ötən il rəhbərlik etdiyi “Sabah”ın U-9 komandası Belarusda beynəlxalq turnirdə iştirak edib. Mütəxəssis sözügedən turnirin uşaqlara təsirini hiss etdiklərini bildirdi:
“Ötən il Belarusda turnirdə olduq. Bu yaş qrupunun ilk turniri idi, amma uşaqlar böyük təcrübə qazandılar. 8-9 yaşdakı uşaqların belə turnirlərdə iştirakı onların gələcəyi üçün böyük təkandır. Biz də bu turnirdən maksimum istifadə etdik. Uşaqların dünya görüşü artdı, bir çox Avropa klublarının oyunlarına nəzər yetirdik, təcrübələr qazandıq. Özümüz də pis çıxış etmədik. Pley-offlarda məğlub olduq. Belə turnirlər həm uşaqlar, həm məşqçilər üçün böyük təcrübədir”.
“Uşaq futbolu Azərbaycan futbolunun yaralı yeridir. Reallıqdan danışsaq, bu gün qlobal inkişaf yoxdur. Amma ümid edirik ki, inkişaf olacaq. İnkişafa meyillilik hiss olunur. Ümidlərimiz var. Baxırıq ki, klublar artıq akademiyalara diqqəti artırıb. “Sabah”, “Neftçi”, “Qarabağ”, son dönəmlərdə “Turan Tovuz” akademiyası bu sıradadır. Diqqətin artması müsbət haldır. Lakin iş bununla bitmir. Klubların akademiyaları daha çox inkişaf etməlidir, bu, digər klublara da şamil olunur. “Sabah”ın akademiyaya diqqəti hər zaman böyükdür. Hər yaş qrupu üzrə iddialı komandalarımız var. Ümid edirəm ki, digər klublar da belə diqqət edərlər. Say nə qədər çox olsa, inkişaf da olar”.
Azərbaycan futbolunun inkişafı üçün yeni strategiya qəbul edilib. Yeni layihə üç ili əhatə edir. Strategiyanın qəbulundan sonra daha bir mühüm qərar verildi – legioner limiti ləğv ediləcək. Qərarın yerli oyunçuların inkişafına mənfi mənada təsir edəcəyi ehtimallardandır. Çünki imkanı olan klublar legionerlərə üstünlük verəcək və bu minvalda artıq yerli oyunçular oynamaq üçün komanda tapmaqda çətinlik çəkəcək. Bəs bu, uşaq futboluna necə təsir edəcək? Müslümzadə limitin ləğvindən söz açdı:
“Bir məşqçi kimi əsas liqada hansı limitin tətbiq edilməsinin mənim üçün heç bir fərqi yoxdur. Çünki bizim işimiz istənilən rəqabətə davam gətirəcək futbolçu yetişdirməkdir. Bu baxımdan öz işimizi davam etdirir və əlimizdən gələni edirik ki yetişdirdiyimiz futbolçular daha yuxarı yaş qruplarına keçdikcə öz inkişaflarını artan istiqamətdə davam etdirsinlər və həm klubumuzun əsas komandası, həm də milli komandalarımızı gücləndirəcək səviyyədə olsunlar. Digər futbol akademiyalar barədə nə isə deməyim doğru çıxmazdı, amma sırf öz akademiyamızdan söhbət gedirsə “Sabah” futbol akademiyası ölkənin ən gənc futbol akademiyalarından biridir. Çox qısa müddətdə yüksək səviyyəli oyunçu yetişdirmək o qədər də asan deyil. Ancaq bu istiqamətdə daim öz üzərimizdə çalışırıq. Bu gün futbol ictimaiyyətində “Sabah” Futbol Akademiyası ilə bağlı müsbət fikirlər var. Aşağı yaş qrupları üzrə milli komandalarımızda bizim yetirmələr mütəmadi olaraq yer alırlar. Aşağı yaş qruplarımız hər mövsümdə mütəmadi olaraq xarici turnirlərə yollanırlar. Ötən mövsümdə çempion olan U-19 komandamızın üzvlərinin əksəriyyəti futbolda ilk addımlarını məhz bizim akademiyamızda atıb. Əlbəttə bir yerdə dayanmaq olmaz. Müasir futbolda olan rəqabətə tab gətirmək üçün daim inkişaf etmək lazımdır. Mən şəxsən bir məşqçi kimi bu istiqamətdə özümü daim inkişaf etdirməyə çalışıram”.
Şahin Cəfərov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.