“İrəvan” Futbol Klubu AFFA-nın Lisenziya Komissiyası tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm üçün I Liqa yarışlarında iştirak üçün lisenziya əldə edə bilməyib.
Futbolpress.az xəbər verir ki, bununla yanaşı klub tərəfindən Peşəkar Futbol Liqasına bu halda hər bir kluba apellyasiya müraciəti üçün təqdim edilən 10 günlük müddətdən də istifadə edilməyəcəyi ilə bağlı elektron məktub ünvanlanıb.
Bütün bunları nəzərə alaraq Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər liqası və I Liqa yarışlarının 2023-2024-cü illər mövsümünün Əsasnaməsini rəhbər tutaraq aşağıdakı qərarları qəbul edir.
1. “İrəvan” Futbol Klubu Lisenziyalaşdırma tələblərinə cavab vermədiyi üçün I Liqa yarışlarından kənarlaşdırılsın.
2. Bu mövsüm I Liqada sonuncu yeri tutmuş “Araz Saatlı” klubu qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci yeri tutmuş “Cəbrayıl” komandası ilə pley-off matçlarında mübarizə aparsın.
Pley-off oyunlarının detalları ilə bağlı Peşəkar Futbol Liqasının rəsmi saytında əlavə məlumat veriləcək.