Futbol üzrə Azərbaycan milli komandası Riqada Latviya ilə yoldaşlıq oyununda heç-heçə etmişdir – 0:0.
Klassik ifadə tərziylə heç bir problem yoxdur. Uduzmamışıqsa, yaxşı qurtarmışıq. Ancaq oyunu tv-dən izləyənlər görüb axı…
Bir də var, gedişatı canlı görmək/izləmək. AFFA-nın yeni inkişaf strategiyası üçün ayırdığı büdcəyə and olsun, oyun nədi ki, siz pərdəarxası olayların, gedişatın şahidi olsanız, futbolumuzun gələcək taleyini qarşınıza qoyub ağı deyərsiniz.
Riqada əməlli-başlı intriqalı mühit gördüm. AFFA-da passiv “mövqe savaşı” ən şiddətli formada gedir. Düşünürəm ki, tərəflər “taktiki gedişlərlə” bir-birinə qarşı xərclədiyi enerjini futbol üçün sərf etsəydi, təxminən ilyarımlıq yeni AFFA rəhbərliyi dönəmində çox şeyə nail olmaq olardı. Amma “tərəflər” öz mövqeyini dominant hala gətirməkçün ən ağlasığmaz “əməliyyatlar” icra edir.
Bu vəziyyətin düzəlməsi üçün AFFA-nı cəmləyəcək, cilalayacaq bir kişiyə ehtiyac var. Həm də çox!
Assosiasiyanın prezidenti Rövşən Nəcəf burda bu işi görə biləcək yeganə səlahiyyətli şəxsdir. İyerarxik olaraq qurumun vəzifəliləri arasında daha bir-iki nəfər də bu missiyanı öhdəsinə götürüb “intriqa ocağını” söndürə, prosesləri nizamlayan və FUTBOL üçün işlərin hərəkətə gəlməsinə öz siyasəti ilə təkan verə bilər. Ancaq bu olmur, alınmır. Yeni AFFA rəhbərliyində məhz bu “mərkəzdənqaçma meylləri” idarəetmə sistemini pərən-pərən salıb və sanki bu səbəbdən nizamlaya biləcək şəxslər də riskə getmək, özünü “hədəfə gətirmək” istəmir.
Bəli, hələ ki, inversiv cümlələr, mücərrəd ifadələrlə təsvir edirik. Hələ də ümidliyik ki, AFFA-dakı “maskalanmış xaos” dağıdılaraq, nizamlı idarə sistemi yaradılacaq.
Yoxsa hər şey pisə… heç vaxt olmadığı qədər pisə doğru gedir.
Elçin Cəlilov
P.S. Bəlkə də yaxından müşahidə etməyimizə mane olmağa cəhdlər ediləcək (artıq edilir), ancaq uzaqdan da görə, eşidə bilirik – AFFA yaxşı deyil… Yaxşı yerə getmir. Vəziyyəti ələ almaq, nizamlamaq hər şeydən vacib şərtdir. Bu bir çağırışdır və son ümiddir. Futbol söhbətlərinə sonra gələrik…
Bakı-Riqa-Bakı