Ölkə futbolunun hazırki səviyyəsi Azərbaycanın millisinin Avropa arenasındakı çıxışlarında özünü göstərir. Təkcə əsas milli deyil, aşağı yaş qrupları üzrə milli komandalar da uğursuz nəticələrlə yadda qalır.
Demək olar ki, oyunlardakı uğursuzluqların əsas səbəblərindən biri də futbolçuların fiziki cəhətdən rəqiblərdən geridə qalmasıdır. Rəqabətədavamlı oyunçu yetişdi bilmirik. Bunun həlli yolunu tapa bilmirik, yoxsa..?
Bunun üçün Lids Bekett Universitetinin İdman Elmi, Güc və Kondisiya üzrə magistr dərəcəsində təhsil alan, həmçinin gənclərdən ibarət milli komandalarımızda idman elmi üzrə mütəxəssis işləyən Turcay Əhmədovla danışdıq.
– 2016-cı ilin yanvarında “Tufan”ı ictimai birlik formasında rəsmi olaraq qeydiyyatdan keçirtdik. Təqribən 2 ilə yaxın masaüstü araşdırmalar etdik. Problemin həllini tapmaq üçün qarşımıza “niyə” sualını qoyduq. Nə üçün Azərbaycanda futbol sənayesi yoxdur? Biz bu işə pərakəndə satış kimi deyil, sənaye kimi yanaşdıq. Araşdırma apardığımız zaman aydın oldu ki, nəinki futbol, ümumiyyətlə, Azərbaycanda heç bir idman növünə elmi yanaşma yoxdur.
– Nə üçün yoxdur?
– Çünki bir problemin həllini tapmaq üçün çoxlu analizlər etməlisən. Bizim də araşdırmamızdan aydın oldu ki, ölkədə uzunmüddətli atlet hazırlığı anlayışı mövcud deyil. Bununla bağlı təqribən 300-ə yaxın akademiyalarla, həm yerli, həm də əcnəbi mütəxəssislərlə görüşdük. Danışıqlardan sonra bir daha əmin olduq ki, bizdə yanaşma düzgün deyil. Əslində yanaşma var, sadəcə, düzgün deyil. Çünki problemləri ortaya çıxartmaq üçün idman elmi sahəmiz yoxdur. SSRİ dağılmamışdan əvvəl çox sayda idman elmi adamları var idi. Məsələn, Matveyev, Bondarçuk, Abalakov, Qodik. Hazırda təhsil aldığım Lids Beket Universitetində çalışan elm adamları, sovet dönəmindəki həmin elm adamlarına istinad edir. Biz də konkret olaraq araşdırdıq və öyrəndik ki, Azərbaycanda idman elmi anlayışı yoxdur. “Tufan”ın da əsas prioritetlərindən biri Azərbaycanda idman elminə əsaslanaraq futbolçu hazırlamaq idi. Sadəcə müəyyən səbəblərdən ötrü bu layihə baş tutmadı.
“İlk növbədə keyfiyyət meyarını müəyyənləşdirdikdən sonra deyə bilərik ki, keyfiyyət səviyyəmiz nə yerdədir”
– Hansı səbəblər?
– Maddi dəstəyin olmaması kimi məsələlər ortaya çıxdı. Əfsuslar olsun ki, biz də pandemiyadan sonra fəaliyyətimizi dayandırdıq.
– Hazırki dönəmdə klublarımızın akademiyalarının fəaliyyətini İngiltərəylə müqayisə etdikdə necə dəyərləndirirsiz?
– İngiltərədə futbol sənayedir. Bunun üçün həm infrastruktur, həm də insan resursları kifayət qədərdir. Eyni zamanda idman elmi də bura daxildir. Müqayisəyə gəlincə, hazırda təhsil aldığım Lids şəhərinin “Lids” adlı komandası var. Burda “Lids” futbol məktəbi və “Lids” futbol akademiyası fəaliyyət göstərir. Məsələn, 15-16 yaşa qədər onlar məktəbə gedir. Ancaq akademiyaya gəldikdə, onların gündəlik məşqləri, qidalanması, futbol təhsili, meydançada davranış qaydası və s. burada öyrədilir. Əgər bura akademiya deyirəmsə, deməli, mütləq şəkildə həmin qurumda akademiklər, professorlar, dosentlər (futbol sahəsi üzrə) və s. elm insanları olmalıdır. İndi gəlin özümüzə sual verək. Azərbaycanda bu sahə üzrə elm insanları varmı? Söhbət təkcə infrastrukturdan yox, həm də insan resurslarından gedir. Məsələn, burada “Bretford” futbol məktəbi var, amma akademiyası yoxdur. Hamı da başa düşür ki, “Bretford” hələ o səviyyəyə gəlməyib ki, özlərini akademiya adlandırsınlar.
– Orada akademiya və məktəb mövzularına ciddi yanaşılır?
– Burada bir sistem formalaşıb. Bu sistemə hər hansı müdaxilə etmək istəsən, çətin olacaq. Çünki, burada futbol sənayedir. Əgər hanssısa bir dəyişilik etmək istəsən, gərək ki, prosedurlardan keçib, özünü təsdiqlədəsən.
– Ölkə futbolundakı mövcud reallığa əsasən, klubların akademiyalarının fəaliyyətini necə qiymətləndirirsiz?
– Öncə müəyyənləşdirməliyik ki, futbolda, futbolçu hazırlığında keyfiyyət nədir? Məsələn, siz deyirsiniz ki, ölkədə keyfiyyətli futbolçular yetişdirilmir. Amma mən deyirəm ki, yetişdirilir. Aşağı yaş qruplarından söhbət gedirsə, bugünkü gündə Rumıniya, Moldova, Estoniya kimi ölkələrə qalib gəlmək mümkündür. Məsələ burasındadır ki, biz keyfiyyətin harasındayıq. Hansı ki, sahib olduğumuz keyfiyyətlə kimlərə qarşı futbol oynaya bilərik? İlk növbədə keyfiyyət meyarını müəyyənləşdirdikdən sonra deyə bilərik ki, keyfiyyət səviyyəmiz nə yerdədir. Deməzdim ki, Azərbaycanda keyfiyyətli akademiyalar yoxdur. Var, sadəcə onlar həmin keyfiyyətin hansı dərəcəsindədir? – sual budur. Bir nümunə çəkim, İslandiya futbolunu götürək. Bu gün Azərbaycanda istənilən bir futbol mütəxəssisinə sual verək. İslandiya futbolu nə üçün inkişaf etdi? Necə cavab verərlər? Ancaq birmənalı olaraq deyə bilərəm ki, onların istənilən resursu bizdən aşağıdır. Cəmi 400 minə yaxın əhalisi var. Bizdən qat-qat aşağıdır. Lakin kəmiyyət və keyfiyyət ön plana çıxır. Bizdə kəmiyyət var. Deməli, bu kəmiyyətdən kifayət qədər keyfiyyət əldə edə bilərik. İslandlar bizdən dəfələrlə kəmiyyətcə aşağı olsalar da keyfiyyəti əldə edə biliblər. Bunun səbəbi nədir? Bunlar Skandinaviya ölkələriylə sıx əməkdaşlıq etməyə başladılar. 2018-ci ildən bu günümüzə qədər islandlar Norveçin U-14 akademiyaları ilə birgə elmi araşdırmalara başladılar. Ki, görək İslandiya futbolçuları fiziki cəhətdən norveçlilərdən nə qədər geri qalır. Nəticədə müəyyənləşdirdilər ki, onlar, Norveçin U-14 akademiyalarından bəzi parametrlərdə geri qalır. Bu səbəbdən də islandlar norveçlilərlə birlikdə hazırlıq planı qurmağa başladılar. Yekunda isə İslandiyanın U-20 komandası 2023-cü ildə Dünya Çempionatına Norveçlə bərabər mərhələ adladılar. Əgər məsələlərə subyektiv yanaşsaq, heç nə əldə edə bilmərik. Amma araşdırmalar aparsaq, mütləq şəkildə obyektivliyi tapacağıq…
“Bu suala tapdığımız cavab onsuz da bizi hansısa bir nöqtəyə aparıb çıxaracaq”
– Maraqlıdır, nə üçün İslandiya Norveçlə bu layihəyə başladı? Avropada daha uğurlu İspaniya, Almaniya, Fransa kimi ölkələr də var…
– Çünki, islandlar başa düşür ki, onların fiziologiyası, spesifikası, psixologiyası, yaşayış mühiti və s. Skandinaviya ölkələriylə eynidir.
– Bəs, biz hansı ölkəylə belə layihəyə başlaya bilərik?
– İlk növbədə hansı yolu seçəcəyimizi bilməliyik. Məsəslən, Lüksemburqa baxaq. Yanında Fransa, Niderland, Belçika kimi ölkələr var. Onlar başa düşür ki, eyni mühit altında yaşadıqları ölkələrin, sadəcə hazırlıq planını tətbiq etməklə kifayətlənəcək. Bizim reallığımız fərqlidir. Konkret olaraq deyə bilməyəcəm ki, biz hansı ölkəylə əməkdaşlıq etsək, uğur qazana bilərik. Əvvəlcə problemi müəyyənləşdirməliyik. Bu suala tapdığımız cavab onsuz da bizi hansısa bir nöqtəyə aparıb çıxaracaq.
“Bizim bir futbolçumuz öz mövqeyində 1 dəfə keyfiyyətli iş görürsə, rəqibin oyunçusu həmin mövqedə 4-5 dəfə keyfiyyətli iş görə bilir”
– Bu tip problemləri kim araşdırmalıdır?
– Mən və mənim kimi futbol elmi sahəsiylə məşğul olan insanlar. Hazırda AFFA-da çalışıram və deyə bilərəm ki, oradakı şəxslər də bu istiqamət üzrə işləyir. Problemimiz isə qlobaldır. Uzun müddətli futbolçu hazırlığı məsələsi var. Bunu oturub akademiya səviyyəsində düşünmək lazımdır. Çünki hər hansı bir uşaq 10-12 günlük bir təlim-məşq prosesində istədiyimiz keyfiyyəti verməyəcək. Onların üzərində sadəcə “şok” effekti apara bilərik. Ancaq,yüksək performansa hara ki, fiziki, taktiki və texniki amillər daxildir, nail olmaq üçün gərək uzun və düşünümlüş bir yol qət edəsən.. Ümumiyyətlə, milli komandaların olduğu arena beynəlxalq bazardır. Biz də istehsalımızı beynəlxalq bazara çıxartmışıq. Görünən odur ki, biz yerli müstəvidə futbolçu istehsal edən zaman müəyyən qədər səhvlərə yol vermişik ki, beynəlxalq bazarda öz yerimizi tuta bilmirik. Demək ki, problem təkcə milli komandalarda gedən proseslərdə deyil. Bunu futbol elmi sahəsiylə məşğul olan biri kimi əminliklə deyirəm.
– Bəs problem klublardadır?
– Problem deməzdim. Təkcə akademiyalarımızda səhv yoxdur. Burada (İngiltərədə) hər hansı bir mütəxəssis U-10 komandasında ixtisaslaşıbsa, onun U-11-ə keçmək ehtimalı yoxdur. U-11-dəki məşqçi də bilir ki, bu uşaq aşağı yaş qruplarında hansı proseslərdən keçib. Bu bir sənayedir. Məsələn, həmişə sual verirəm ki, akademiyanın əsas hədəfi nədir? Deyirlər ki, əsas milli komandaya oyunçu yetişdirmək. Bu, hədəf deyil. Sadəcə hədəfə gedən yolun bir hissəsidir. Əgər cavab versələr ki, akademiyanın əsas hədəfi Avropa səviyyəli futbolçu hazırlamaqdır, o zaman sənin hazırladığın oyunçu əsas komandaya da, əsas milliyə də düşəcək.
– Hədəfimizi düzgün seçməmişik?
– Şəxsi fikrimcə, bəli.
– Azərbaycan milli komandasının aşağı yaş qupları demək olar ki, qələbə üzünə həsrətdir. Adətən, oyunlardan sonra baş məşqçilər verdikləri açıqlamalarda rəqibin fiziki cəhətdən daha yaxşı olduğunu bildirir. Bunun həlli yolu nədir?
– Bayaq nümunə çəkdiyim İslandiya və Norveçə baxsaq, onlar həmişə cüssəli olublar.Lakin bu o demək deyil ki, bizim antropometriyamız onlardan zəifdirsə, biz onlardan keyfiyyətli ola bilmərik. Məsələn, bizim bir futbolçumuz öz mövqeyində 1 dəfə keyfiyyətli iş görürsə, rəqibin oyunçusu həmin mövqedə 4-5 dəfə keyfiyyətli iş görə bilir. Ümumən belə deyim, keyfiyyətli işin təkrarı onlarda bizə nisbətən daha çox olur. Demək ki, onların fiziki göstəriciləri imkan verir ki, 90 dəqiqə ərzində bir neçə dəfə keyfiyyətli iş görə bilsinlər.
– Deməli, problem genetikamızdadır?
– Xeyr. “Genetikamızda futbol yoxdur” düşüncəsi absurddur. Çünki idmanda molekulyar fiziologiya elmi sübut edib ki, dünya əhalisinin 1-2 faizi güc və sürət genetikasında geri qalır. Cəmi 1-2 faiz. Elə həmin 1-2 faiz də Azərbaycana düşdü? Bunu molekulyar fiziologiyanın idmanda genetika bölməsi təsdiqləyir.
– Bəs çatışmayan nədir?
– Uzun müddətli futbolçu hazırlığı.
– Bunun üçün bizə nə qədər müddət lazımdır?
– İtirilmiş zamanı geri qaytarmaq qeyri-mümkündür. Bir strategiya olur. Strategiya nədir? Sadə dildə desək, mən bir döyüşü qazanmaq istəyirəm və bunun üçün müxtəlif yollar düşünürəm. Strategiyanın tərkib hissələrinə qısa, orta və uzun müddətli planlar daxil olur. Yekunda düşünülmüş ən yaxşı yollar mənim strategiyamı bəlli edir və mən döyüşdən qalib ayrılıram. Deməli, strategiya ən xırda bir plandan başlaya bilərsə, uzun zaman gözləməyin mənası olmur, o şərtlə ki, sən eyni zamanda uzaq hədəflərini də müəyyənləşdirəsən. Ümumiyyətlə, gedək hər hansı bir akademiyanın qapısını döyək. Deyək ki, uzun müddətli fəaliyyət planınızı qoyun masaya, görək nəyiniz var. O zaman vəziyyətin nə yerdə olduğu bəlli olacaq. Mənə görə infrastruktur 2-ci dərəcəli problemdir. Əgər mənim bu gün məşq etmək üçün 1 meydançam belə varsa, deməli var. Amma mən həmin meydançada kimi, nə üçün, necə hazırlayacağımı bilmirəmsə, istəyirsən lap 10 meydança tik, yenə də xeyri yoxdur. Əgər mənim 1 meydançam var və onun daxilində proseslər plansız və məqsədsiz şəkildə gedirsə, o zaman mənə 5 meydançada kömək etməyəcək. Önəmli olan hədəflərdir.
“Elm üzərindən obyektivliyi üzə çıxartmasaq, çox güman, elə də ürəkaçan nəticələrə nail ola bilməyəcəyik”
– O zaman problem strategiyadadır?
– Bəli.
– Az əvvəl keyfiyyətli futbolçu hazırlığının əsas prioritet olmalı olduğunu dediniz. Bəs həmin futbolçuları yetişdirmək üçün ölkə futboluna sərf olunan maliyyə yetərlidir?
– Artıq 21-ci əsrdir. Əgər hər hansı bir akademiya masaüstü bir araşdırma edə bilmirsə və ən azından aparılmış elmi tədqiqatları, araşdırmaları oxuyub, tətbiq etmirsə, deməli burada söhbət maliyyədən getmir. Futbolun təkamül prosesi dayanıb. Artıq futbol inqilab edir. Düşünürəm ki, intensiv işləsək və bu işə bütün varlığımızı qoya bilsək, inkişaf edə bilərik.
– Dediyiniz kimi intensiv şəkildə çalışmaq üçün Azərbaycanda yetərli sayda futbol adamı, mütəxəssis var?
– Mütəxəssis məsələsinə gəlincə, əvvəl də qeyd etdiyim kimi, əgər mənim binam akademiya adlanırsa, orada mütləq şəkildə futbol professorları, akademikləri, dosentləri olmalıdır. Bu gün fiziki hazırlıq və futbol elmi sahəsi üzrə mütəxəssislərimiz yoxdur. Ancaq futbolu inkişaf etmiş ölkələrə baxanda görürük ki, biri var fiziki hazırlıq üzrə məşqçi, biri də var futbol elmi üzrə mütəxəssis. Sonda hər ikisinin də hədəfi müasir futbolun tələb etdiyi futbolçunu yaratmaqdır.
– Sizcə, Azərbaycanda Avropadakı kimi futbol elmi üzrə mütəxəssis var?
– Yoxdur.
– Bəlkə bunun üçün əcnəbi mütəxəssislər ölkəyə dəvət edilsin?
– Heç vaxt deməmişəm ki, əcnəbi mütəxəssis gəlməsin. Əgər əcnəbi mütəxəssis elmi yanaşmanı tətbiq edəcəyini desə, mən ona dəstək olacam. Mən o əcnəbi mütəxəssisə qibtə edəcəm ki, o, burada fundamental işlər görəcəyini və bunlardan biri də idman elminə əsaslanan fəlsəfə və ənənəni formalaşdıracağını desin.
– Yekun olaraq, problemlərin aradan qaldırılması üçün həll yolunu nədə görürsüz?
– Elm. Elm uğurun açarıdır. İdman (futbol) elmini maksimum dərəcədə inkişaf etdirməliyik. Elmə əsaslanan həqiqət heç vaxt köhnəlmir. Əgər o köhnəlsəydi, bu gün təhsil aldığım Lids Beket Universitetində heç bir professor, mövcud olmayan SSRİ-nin elm xadimlərinə istinad etməzdi. Hətta bu insanlar Bondarçuku sevir. Niyə? Çünki bu insan pliometriya (idman elminin bir hissəsi) elminin ən öndə olan isimlərindən biri olub və özündən sonra inkişaf etmək üçün kifayət qədər idman elmi üzrə əsərlər buraxıb gedib. Əgər biz elm üzərindən obyektivliyi üzə çıxartmasaq, çox güman, elə də ürəkaçan nəticələrə nail ola bilməyəcəyik.
Mirkamal Kazım