“Sabah” və “Zirə” Konfrans Liqasında mərhələ adlayıb. “Futuristlər” İsrailin “Makkabi” komandasını penaltilər seriyasında keçib, “qartallar” isə Slovakiya “DAC 1904”ünü iki oyundada məğlub etməklə adını III təsnifat mərhələsinə yazdırıb.
Azərbaycan yığmasının sabiq futbolçusu Yunis Hüseynov “FutbolPress“ə açıqlamasında nəticələri şərh etdi:
“Sabah” ilk oyunda 3:0 hesablı qələbə qazansa da, çətin olacağını bilirdim. Çünki “Makkabi” güclü komandadır. “Sabah” ilk oyunda yaxşı təsir bağışlamışdı, amma cavab görüşündə müdafiədə həddindən artıq səhvlər oldu. Bunların nəticəsi idi ki, oyun penaltilərə qədər getdi. Müdafiədə elə səhvlər olmasaydı, bəlkə də, bura qədər getməzdi. Amma hücum xətti də pis təsir bağışlamadı, yenə üç qol vura bildilər. Həm də, bəxt amili də “Sabah”dan yana oldu.
“Zirə” isə xoş sözlərə layiqdir. Onların ilk oyundan sonra cavab görüşündə də qələbə qazanacağına inanırdım. Ümid edək ki, növbəti mərhələdə hər iki komandamız yaxşı oyunla nəticə əldə edə bilərlər.
Bu gün Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünə start veriləcək. Veteran futbolçu yarışla bağlı proqnozlarını bölüşdü:
Premyer Liqa haqda nəsə demək hələ tezdir. Komandalar toplanışdan yeni çıxıb və demək olar, çoxunun oyununu görməmişik. İlk turlar çətin keçəcək. “Sabah”, “Neftçi”, “Zirə” daha güclənib. Bilirsiz ki, həmişə istəmişəm “Neftçi” qızıl medalları qazansın. Bu dəfə onlar da mübarizədə aktiv olacaqlar. Amma indidən deyirəm, “Qarabağ” yenə çempion olacaq. Buna heç kimin şübhəsi olmasın”.
Şahin Cəfərov