“İndi “Dinamo” düşünsün ki, “Qarabağ”ı necə saxlayacaqlar”

“Qarabağ” Çempionlar Liqasının III təsnifatında “Ludoqorets”i 7:2 hesabıyla məğlub edərək pley-off mərhələsinə yüksəlib.

Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

“Əlavə nəsə deməyə ehtiyac yoxdur. Hər şey meydanda göz qabağında oldu. “Qarabağ”ın qələbə qazanacağına əmin idim. Çünki Bakıdakı oyunda da onlardan üstün olduğumu göstərmişdik, sadəcə epizodlar boşa verildi. Cavab oyununda isə əla qələbə oldu. “Qarabağ”dan bunu gözləyirdim. Onlar güclü olduqlarını sübut və təsdiq etdilər”.

Azərbaycan çempionu pley-off mərhələsində Zaqreb “Dinamo”su ilə qarşılaşacaq. Sadıqov bu matçla da bağlı fikirlərini bildirdi:

“Komandamıza uğurlar arzu edirəm. İndi “Dinamo” düşünsün ki, “Qarabağ”ı necə saxlayacaqlar. Belə deyim var ki, biz istədiyimiz qədər qol vurarıq, siz imkan verdiyimiz qədər. Dünən “Qarabağ” göstərdi ki, istədiyi qədər qol vura bilər. “Dinamo”nun da təcrübəsi var, amma düşünürəm ki, “Qarabağ” onlara qarşı da yaxşı mübarizə aparacaq və səfərdən sərfəli nəticə ilə dönəcək”.

Şahin Cəfərov