“İnanın, “Kəpəz”in inkişafı üçün tənqiddən çox dəstək lazımdır”

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Turan Tovuz” – “Kəpəz” oyunundan (1:0) sonra qonaq komandanın baş məşqçisi Adil Şükürov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib…

– Bura gələn azarkeşlərimizə təşəkkür edirəm. Oyuna itkilərlə çıxmışdıq. Meydana çıxan futbolçular əllərindən gələni etdilər. İki gənc oyunçumuzu – Ümid və Fəridi meydana buraxdıq. Onlara çox ümidliyəm, verilən tapşırıqları layiqincə yerinə yetirə bildilər.

– Ayxan Abbasovla görüşmədiniz sanki…
– Məşqçilər korpusu ilə görüşdüm. Ayxan Abbasovu görə bilmədiyimçün görüşə bilmədim.

– Heyətdə hansı dəyişikliklər olacaq?
– Bu futbolçularla elitada qala bildik. Oyunçuların əksərini saxlamaq istəyirik. Komandanı daha gücləndirib, yaxşı yerlər üçün mübarizə aparmaq istəyirik. İlk növbədə maliyyə dəstəyi olmalıdır. İstəyirik ki, büdcə yaxşı olsun və Gəncənin komandası yüksək yerlərdə olsun. Gedənlər də olacaq. Nianenin müqaviləsi bitir və onla danışıqlar olub, başqa kluba keçmək istəyir. Ondan başqa hansısa futbolçu üçün müraciət olmayıb.

– Qapıçınız İqor Rodriqesi saxlaya biləcəksiniz?
– Danışmışıq, bizim üçün vacib oyunçudur. Futbolçular da bildirib ki, ilk növbədə bizim cavabımızı gözləyəcəklər. Ümidliyik. Əvvəlcə büdcəmizi bilməliyik, sonra buna uyğun işlər görəcəyik.

– Komanda iki mövsümdür, sponsorsuz liqada qala bilir. Bunu uğur da saymaq olar. Bunları önə gətirib, sponsorla bağlı müraciətləriniz ola bilər?
– Komandanın Premyer Liqada qalması üçün işlər gördük. İndi yeni mövsümlə bağlı çalışmağa başlayacağıq. Aidiyyatı şəxslərdən xahiş edirəm ki, komandaya dəstək olsunlar. “Kəpəz”in adına layiq yerdə olması üçün kömək lazımdır. İnkişaf üçün imkanlar, şərait var.

– Sosial şəbəkələrdə İlqar Nadirinin istefasını tələb edənlər, onun getməsini istəyənlər var. Sizə də qarşı belə hallar varmı?
– Komandanın bu yerdə olmasında İlqar müəllimin rolu var. Qələbələr olduqca əllərindən gələni edirlər. Nadiri özünün gücü çatmayan məsələlərdə də kömək etməyə çalışır. İnanın, “Kəpəz”in inkişafı üçün tənqiddən çox dəstək lazımdır. Bu yöndə işlər görülməlidir. Onsuz da sıxıntılarımız var, əlavə olaraq, belə şeylər də stress yaradır.

– Növbəti mövsüm üçün stadion seçimi etmisiniz?
– Tovuz, ya da Qəbələdə oynayacağıq. Danışıqlar başlayıb. Əsas məsələ maliyyənin necə olacağıdır. Bundan sonra planlaşmanı aparacağıq.

Şahin Cəfərov