“Turan Tovuz” Premyer Liqada 5 turdan sonra 13 xalla birinci sıradadır. Milli komandaların oyunlarına görə yaranan fasilə artıq başa çatıb və Tovuz təmsilçisi VI turun “Sabah”la oyunun hazırlıqlarına başlayıb.
“Turan Tovuz”un futbolçusu Faiq Hacıyev “FutbolPress“in suallarını cavablandırdı:
– Fasilə başa çatır. Hazırlıq necə keçir?
– Hər şey qaydasındadır, məşqçimizin tapşırıqları üzrə çalışırıq. Fasilənin bizim üçün faydalı olacağını düşünürəm.
– 5 turdan sonra ardıcıl 4 qələbə ilə lidersiniz. Davamını gətirmək çətin olmayacaq?
– Futbolda hər nəticəyə hazır olmalıyıq. Fasilədən sonra hamı yaxşı başlamağa çalışacaq. Biz də seriyamızı davam etdirmək və yaxşılaşdırmaq istəyirik.
– Mövsümün əvvəlində lider olacağınızı, 5 oyunda qol buraxmayacağınızı desəydilər, reaksiyanız necə olardı?
– Həyatda olduğu kimi futbolda da hər şey mümkündür. Daha yaxşı nəticələrimiz olacaq, buna inanıram. İnamımız olmasaydı, bu nəticələri qazana bilməzdik. Bundan sonra işimiz daha çətin olacaq, hər şeyə hazır olmalıyıq.
– Növbəti görüş səfərdə “Sabah”a qarşı olacaq. Rəqib də son turlarda formadadır…
– “Sabah” çox yaxşı komplektləşmiş komandadır. Onlara qarşı oyunumuz həmişə maraqlı olub. Yaxşı nəticə qazanmağa çalışacağıq.
– Millinin UEFA Millətlər Liqasındakı oyunlarına dəvət almadın. Səncə, buna səbəb nədir? Mövqeyində daha güclü oyunçular var, ya necə?
– Hər futbolçu kimi mən də millidə olmaq istəyirəm. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. İnşallah, gələcəkdə mən də dəvət alanların sırasında olaram.
Şahin Cəfərov