“İmişli”yə keçən futbolçu: “Karyeramda yeni başlanğıc etmək istədim”

“Şamaxı”nın futbolçusu Bahadur Həziyev “İmişli”yə keçib. Ötən mövsümü icarə əsasında “Səbail”də keçirən yarımmüdafiəçi yeni mövsümdə bölgə klubunun uğurları üçün çalışacaq.

Həziyev “FutbolPress“ə açıqlamasında “İmişli”yə keçidini şərh etdi:

“Karyeramda yeni başlanğıc etmək istədim. “İmişli” çempionluğa oynayan komandadır və gəldiyimə görə peşman olmamışam. Kollektivdə təcrübəli futbolçular çoxdur”.

Yarımmüdafiəçi I Liqa klubundan əlavə başqa variantlarının da olduğunu qeyd etdi:

“3-4 variantım var idi. Bunların ikisi ölkə xaricində olan klublar idi. Sadəcə “İmişli” maraqlı gəldi və Premyer Liqaya oynamaq hədəfində olna komandadır. Bura gəlib xeyir vermək və çempionluqda pay sahibi olmaq istədim”.

Bahadur xarici klublardan aldığı təklifdən imtina etməsinin səbəbini söylədi:

“Xaricdə yaşamaq üçün təklif edilən məbləğ sərf etmirdi. İnanıram ki, bir il daha yaxşı oynayıb, yenidən təkliflər alacam”.