“İmişli” üçün SOS…

Azərbaycan I Liqasında XVII tur geridə qaldı.

Premyer Liqaya yüksələcəyindən şübhə saxlamayan “Qəbələ” bu gün də “Cəbrayıl”ı məğlub edərək, şəriksiz liderliyini davam etdirir. Kaxaber Tsxadadzenin komandası ən yaxın izləyicisi “Karvan”ı 12 xal fərqlə qabaqlayır. Qəbələ təmsilçisi bu gedişatla mövsümün bitməsinə bir neçə tur qalmış çempionluğunu elan edəcək.

“Zaqatala”nı məğlub edərək, ikinci pilləni ələ keçirən “Karvan” da artıq Premyer Liqaya vəsiqə qazanacaq iki komandadan biri kimi görünür. Yevlax təmsilçisi dünən özbəkistanlı Behzod Kholikulovla mövsüm sonuna qədər müqavilə imzalamaqla, müdafiə xəttini daha da gücləndirdi.

İlk “3-lüy”ü tamamlayan “İmişli”nin isə Premyer Liqaya vəsiqə qazana bilməsi sual altındadır. Klub bu gün autsayder “Mingəçevir”ə uduzmaqla, önəmli avantajı əldən verdi. Bu, məğlubiyyət sayəsində həm “ikiciliy”i, həm də komandaya olan inam sarsıldı. Fərid Namazovun rəhbərlik etdiyi komandanı ən yaxın izləyicisi “Baku Sportinq”dən 6 xal ayırır. Ancaq bu üstünlüyə baxmayaraq, komandanın gərəksiz yerlərdə vermiş olduğu xal itkiləri, stabil oyun sərgiləyə bilmədiyini göstərir. Bugünkü məğlubiyyət isə klub rəhbərliyi üçün siqnaldır.

Mirkamal Kazım