“Qarabağ” sabah Avropa Liqasının Liqa mərhələsinin I turunda “Tottenhem”in qonağı olacaq. Londonda baş tutacaq görüşə saat 23:00-da start veriləcək.
“Tottenhem” bu mövsüm İngiltərə Premyer Liqasında uğursuz start verib. Ange Postekoqlunun rəhbərlik etdiyi kollektiv 5 turdan sonra 7 xalla turnir cədvəlində 20 komanda arasında 10-cudur. Bu görüşlərdə 2 qələbə qazanan londonlular eyni sayda məğlub olub. Qolların nisbəti 9:5-dir.
“Tottenhem” azarkeşləri önündə keçirdiyi 3 matçda 2 qələbə qazanıb. Yeganə məğlubiyyət isə Londonun digər təmsilçisi “Arsenal”la oyunda (0:1) yaşanıb.
London təmsilçisinin dəyəri 768,30 milyon avrodur. “Qarabağ”da isə bu rəqəm 20,23 milyon avrodur. Komandaların heyətlərinin dəyərləri arasında təxminən 38 qat fərq var.
“Tottenhem”in heyətində Ceyms Meddison, Deyan Kuluşevski, Brennan Conson, Son Hın Min kimi keyfiyyətli oyunçular var. Komandanın əsas qol ümidi Dominik Solankedir. Bu yay 40 milyon avroya transfer edilən forvard Premyer Liqada 3 oyunda 1 qol vurub. Digər hücumçu Rişarlison isə zədəlidir. Komandada itkilər də az deyil. Belə ki, müdafiəçi Kristian Romero cəza, yarımmüdafiəçi Vilson Odober və Yves Bissuma zədə səbəbindən “Qarabağ”la oyunu buraxacaq. Komandanın ev oyunlarını keçirdiyi “Tottenham Hotspur Stadium”un tutumu 62 min 850 nəfərdir.
“Tottenhem” “Qarabağ”la matçdan üç gün sonra Premyer Liqada “Mançester Yunayted”i qəbul edəcək. London klubu bu görüşə görə Azərbaycan təmsilçisi ilə matçda bəzi oyunçuları risk etməyə bilər. Bu, bir baxımdan “Qarabağ” üçün yararlıdır. Hər bir halda, “atlılar” Londonda xüsusilə sürətli hücumlara qarşı hazırlıqlı olmalıdır.
“Qarabağ” “Tottenhem”lə buna qədər iki oyun keçirib. Avropa Liqasında 2015-ci ildə baş tutan hər iki matç londonluların qələbəsiylə başa çatıb – 3:1, 1:0. Hazırda İngiltərə klubunun aparıcı oyunçularından sonra Son Hın Min 3:1 hesabıyla bitən görüşdə dublla yadda qalıb.