II Liqada təcrübə faktoru – üç turda kimlər, nə edib?

Bu mövsüm II Liqada debüt edən “Hypers Guba” çempionata uğurlu start verib. “Qarabağ”ın və Azərbaycan yığmasının sabiq futbolçusu Vüqa Nadirovun rəhbərlik etdiyi kollektiv üç turda da qələbə qazanmaqla liderlər arasındadır.

Əvvəlcə “Saatlı-Araz”ı (3:2), daha sonra “Şəmkir”i məğlub edən komanda son turda isə “Lerik”in qapısından 6 cavabsız top keçirib. Komandanın nəticələrində əsas pay sahibi Azərbaycan yığmasının keçmiş futbolçusu Cavid İmamverdiyevdir. 34 yaşlı yarımmüdafiəçi 5 qolla bombardirlər sırasında qərarlaşıb.

Karyerası ərzində “Neftçi”, “Sabah”, “Kəpəz”, “Sumqayıt” kimi klublarda top qovan İmamverdiyev ötən mövsümü “Kür-Araz”da keçirib və bu yay “Hypers Guba”ya qoşulub.

“Hypers Guba” ilə yanaşı, “Şahdağ Qusar” da bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkir. Komanda üç turda maksimum nəticə göstərənlərdəndir. “Şahdağ Qusar”da isə millinin keçmiş futbolçusu Rahid Əmirquliyev forma geyinir. Təcrübəli yarımmüdafiəçi ilə yanaşı, “Səbail”in sabiq futbolçuları Ruslan Hacıyev, Ədilxan Qarəhmədov kimi oyunçular II Liqa klubunda mübarizə aparır.

Vaxtilə Premyer Liqada oynamış təcrübəli oyunçuların indi II Liqada çıxış etməsi komandaların nisbətən güc balansını pozmasına baxmayaraq, həm də çempionatı maraqlı edir. Xüsusilə, bölgə komandaların oyunlarına çoxlu azarkeşlərin gəlişi, oyunların gərgin atmosferdə keçməsi müsbət məqamlardandır.

Üç turdan sonra xalsız yeganə komanda isə “Sheki City”dir. Sosial şəbəkələrdə reklamları, oyun afişaları ilə maraq yaradan şəkililər hər üç matçda meydanı məğlubiyyətlə başa vurub. “Qusar”, “Ağdaş”, “Göygöl”, “Kür-Araz” isə qələbəsi olmayan kollektivlərdir.

II Liqada rəqabətin artması, idman prinsiplərinin qorunduğu məqamda da liderlik yarışının gərgin başlaması, debütantların uğurlu çıxışı çempionata marağı daha artırır.

Kamil Əhməd