İdmanda düzgün qidalanmanın vacibliyi

İdmanın hər növünün özünün spesifik xüsusiyyətləri var. Futbolda əsas ayaqlar, voleybol, basketbolda əllərdən istifadə olunursa, şahmat beyin məhsuluna dayanır, güləş, cüdo isə birbaşa güclə bağlıdır. Güc tək bu iki növdə deyil, idmanın bütün növlərində önəmli rol oynayandır. Gücü artıran isə fiziki çalışmalardır.

İstənilən idman növü ilə məşğul olan şəxslər gündəlik, həftəlik idman proqramlarında fiziki çalışmalara xüsusi yer ayırır. Bədənin qüvvətli, çevik olması tək fiziki çalışmalarla tamamlanmır. Eyni zamanda idmançı qəbul etdiyi qidalara xüsusi fikir verməlidir. Günümüzdə idmançılar üçün qida rasionunun müəyyənləşdirilməsində dietoloqlar, fitness treynerləri xüsusi rol oynayır.

Bir neçə məşqçi, həkimlə söhbət əsnasında məlum olur ki, idmançının etdiyi fiziki çalışmalarla yanaşı, onun qəbul etdiyi qida normativlərinin balanslı şəkildə olması bədənin daha yaxşı və sürətli inkişafına səbəb olur. Son zamanlarda proteinlərdə istifadə kütləvi şəkildə artıb. Məşqlə paralel və normasında qəbul edilən qida əvəzediciləri məqbul sayılır. Bəzən gənclər arzuladıqları bədən quruluşuna tez sahib olmaq istəyi üzündən normadan artıq əlavə qidalar qəbul edir. Bu, effekt versə də, məşqin buraxılması ilə bədəndə də kobud düşüş hiss olunur.

Fitness məşqçisi Elnur Allahyarlı idmançıların sürətləndirici vasitələrdən istifadəsinin düzgün olmadığını bildirdi:

“Gənclərə məsləhətim odur ki, tez nəticəyə qaçmasınlar. Demək olar, hamısı istəyir ki, müəyyən vasitələrdən istifadə edib, tez nəticə əldə etsinlər. Sürətləndirici vasitələr onlarçün yaxşı deyil. Çünki qısa zamanda nəticə verən şeyin mənfi cəhətləri də olacaq. Buna görə çalışıram ki, daim yol uzun və keyfiyyətli olsun, sağlamlığa zərər vurmasın”.

Son dönəmlərdə ölkəmizdə fitnessə maraq sürətlə artıb. Əvvəllər yalnız oğlanlar bura üz tuturdusa, indi qızlar arasında da kütləviləşmə halları müşahidə edilir. İdman hər bir gəncin sağlamlığının təməlidir və insanı pis vərdişlərdən uzaq tutan yaxşı yoldur. Sağlamlığını və fiziki formasını düşünən gənclər idmançı üçün qadağaları yaxşı başa düşür, bədəni zəiflədən spirtli içkilərdən, tütün məmulatlarından uzaqlaşır. İdmanla məşğul olmaq eyni zamanda insanları müxtəlif xəstəliklərdən qoruyur, bədənin uzun müddət gümrah və sağlam qalmasına yardımçı olur.

Gənclərin fiziki tərbiyəsində, onların sağlam böyüməsi və cəmiyyətə faydalı biri olmasında idmanın rolu danılmazdır. İstənilən sahəyə üz tutan uşaqlara ilk növbədə idmanın faydası, onların nizamlı olmasının vacibliyi, düzgün şəxsiyyət kimi formalaşması üçün tələb olunan meyarlar izah edilir. İstər futbol, istər güləş, istər voleybol və s. əsas amil intizamdır. İdmançı sağlamlığının əsasını necə qida təşkil edirsə, idmançının peşəkarlığını da intizamı, xarakteri təşkil edir.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.