Azərbaycan Premyer Liqasının VII turunun “Səbail” – “Sabah” oyunundan (2:4) sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Bura xal üçün gəlmişdik. Oyunçularımı təbrik edirəm, yaxşı oynadılar. Ancaq ideal oynadığımızı deyə bilmərəm. Çünki yenə qapımızda qollar gördük, bundan razı deyiləm. Hücum xətti yaxşıdır, amma müdafiə o qədər deyil.
– Böyük üstünlüyünüz var idi. Niyə oyun birdən-birə bu qədər çətin oldu?
– Müdafiədə səbirli oynamalıyıq. Hər vəziyyətə 100 faiz yanaşmaq lazımdır. Bu sadəcə keyfiyyətdən asılı olan məsələ deyil. Daha diqqətli oynamaq lazımdır. Bunu oyundan qabaq da demişdim, müdafiədə daha diqqətli olmalıyıq.
– Birinci hissədə qolunuz ləğv olunanda Şahin Diniyev sizin ehtiyat skamyaya yaxınlaşdı. Nə dedi?
– Xüsusi şey demədi. Sadəcə dedi ki, orada foul var idi.
– Oyunlar zamanı çox sarı və qırmızı vərəqələrlə cəzalandırılırsız. Bunu normal hesab edirsiz?
– Bu, normal deyil. Amma futbolda bəzən baş verir. Hansısa epizoda çatmırsan, foul alırsan. Oyunun başlanğıcında bəzi sarı vərəqələri qəbul edərəm. Amma hakimə şikayət edib, vərəqə almağı qəbul etmirəm.
– Bu gün matç heç-heçə bitsəydi, uğur sayılacaqdı?
– Bir xaldan məmnun olmazdım. Çünki oyun başlayandan qələbəyə daha yaxın idik.Hələ VAR iki qolumuzu ləğv etdi.
– Hər qələbə sizi çempionluğa yaxınlaşdırır, yoxsa “Qarabağ”ın olduğu yerdə çempionluq mümkün deyil?
– “Qarabağ” çox böyük keyfiyyətə malikdir. Bu faktdır. Oyundan-oyuna irəliləyirik. Heç vaxt nə baş verəcəyini deyə bilmərik. Gələcəkdə nə olacaq, o haqda çox da fikirləşmirik. Sabahdan “Qarabağ”la oyuna hazırlaşacağıq. Çünki onlar növbəti rəqibimizdir.
Şahin Cəfərov