I Liqada son durum: bölgə klubları elita yolunda

Azərbaycan I Liqasında mövsümün yekununa 8 tur qalıb.

Çempionatın ilk üç pilləsində qərarlaşan komandalar Premyer Liqaya yüksələcək, sonuncu isə yarışla vidalaşacaq.

19 turdan sonra turnir cədvəlinə “Qəbələ” başçılıq edir. Ötən mövsüm elitanı tərk edən bölgə təmsilçisi Premyer Liqaya yüksəlmək ehtimalı böyükdür. İkinci pillə ilə arasında 14 xal fərq olan “Qəbələ”nin qarşıdakı turlarda ardıcıl məğlubiyyətləri ehtimal edilmir və komanda demək olar, elitadakı yerini indidən təmin edib.

İkinci pillədə isə “Karvan” qərarlaşır. Yevlax təmsilçisi 35 xalla gümüş medallara əsas namizədlərdəndir. “Karvan” həm də “Qəbələ”dən sonra Premyer Liqaya əsas iddiaçıdır. AFFA-nın baş katibi Cahangir Fərəcullayev və digər rəsmi şəxslər, eləcə də Futbolun İnkişafı Fondunun sədri Tural Piriyev ötən həftə bu bölgədə olub. İdman obyektlərinə baxış keçirən nümayəndələr yeni mövsümdə Premyer Liqada iştirakı gözlənilən komandanın şəraiti ilə yaxından tanış olub, müəyyən müzakirələr aparılıb.

Komandanın baş məşqçisi Kənan Kərimov daha öncə saytımıza açıqlamasında elita üçün hazırlıqlarının sürətlə getdiyini qeyd edib:

“Lisenziya işlərinə start vermişik və hər şey qaydasındadır. AFFA da lisenziya üçün möhlət verib. İşlərimiz sürətli şəkildə davam edir”.

Yevlax klubu elitaya vəsiqəni əldə etsə, əsas işlər heyətlə bağlı olacaq. Premyer Liqada mübarizəyə davamlı heyət formalaşdırmaq maliyyə cəhətdən digər komandalardan geri qalan “Karvan” üçün çətin proses olacaq. Hər bir halda, bölgənin elitada təmsil olunması futbolçular üçün də əlavə motivasiya olacaq.

Elitaya iddialı digər kollektiv isə “İmişli”dir. 34 xalla üçüncü pilləni tutan bölgə təmsilçisi “Karvan”a nisbətən daha hazırlıqlıdır. Stadionun ot örtüyünü yeni dəyişən bölgə klubunda müxtəlif yaş qrupları üzrə komandalar da fəaliyyət göstərir. Elitaya vəsiqə təmin edilsə, bu komandanın da əsas işləri heyəti formalaşdırmaq yolunda olacaq.

Sona 8 tur qalmış demək olar, elitaya vəsiqə qazanacaqlar məlumdur. Əlavə problemlər çıxmazsa, “Qəbələ”, “Karvan” və “İmişli” yeni mövsümdə Premyer Liqada bölgə təmsilçiləri olacaq.

Belə olacağı halda, yarışın 2025/26 mövsümündə Premyer Liqada Gəncə, Şamaxı, Tovuz, Sumqayıt kimi bölgələrin iştirakçıları mübarizə aparacaq.

I Liqanı tərk etməyə namizədlər isə “Difai”, “Cəbrayıl” və “Qaradağ Lökbatan”dır. 10 komanda arasında sonuncu “Qaradağ Lökbatan”dır. Komanda 19 turda cəmi 15 xal toplayıb. Bir neçə il öncə çempionluq mübarizəsi aparan kollektiv indi yarışda qalmaq üçün ölüm-dirim mübarizəsi aparır. “Cəbrayıl” isə onlardan bir xal öndədir və əsas mübarizə bu komandalar arasında olacaq. 8-ci pillənin sahibi “Difai” isə son turlarda qazanılan xallarla autsayder zonasından 4 xal önə keçməyib bacarıb.

I Liqada ötənilki illərə nisbətən mübarizə daha rəqabətlidir və elə bir hal yaranıb ki, sonuncu komanda belə elita yarışında olanları büdrədə bilir. Məsələn, ausatdeyr komanda 2 tur əvvəl “Karvan”dan bir xal qoparmağı bacarıb.

Yarışın rəqabətli olması ölkə futbolunun inkişafına töhfələrini verəcək. “Qəbələ”də çıxış edən Şahin Şahniyarovun milli komandanın son toplanışına dəvət alması və oyun şansı əldə etməsi digər I Liqa klublarının oyunçuları üçün əlavə motivasiyadır. Gələcək mövsüm Premyer Liqada legioner limitinin ləğvi burdakı yerli futbolçuları da diqqətə gətirəcək.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.