Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib. Birinci oyun günündən sonra “Səbail”, “Araz-Naxçıvan” və “Sabah” növbəti mərhələyə vəsiqə qazanan komandalar olub.
Qaradağ Lökbatan – Səbail 0:2
Premyer Liqada çətin günlər keçirən “Səbail” yeni baş məşqçisi Cavid Hüseynovun rəhbərliyi altında ilk qələbəsini kubokda qazandı. I Liqa təmsilçisi ilə dueldə aşkar üstün olan və saysız-hesabsız qol epizodlarını boşa verən “dənizçilər” ikinci hissədə vurulan qollarla qələbə qazandı. “Qaradağ Lökbatan” keyfiyyətdə rəqibinə məğlub oldu. “Səbail” istər müdafiədə, istərsə də yarımmüdafiədə sadə epizodlarda yol verilən səhvləri bağışlamadı və rahat qələbə ilə növbəti mərhələyə yüksəldi. Kubokda mərhələ adlayan “Səbail”in növbəti sınağı daha çətin olacaq. Bayıl klubu 1/4 finalda “Qəbələ” – “Qarabağ” cütünün qalibinə rəqib olacaq.
Araz-Naxçıvan – Mingəçevir 3:1
Premyer Liqada sərgilədiyi oyunla və qazandığı nəticələrlə diqqət çəkən “Araz-Naxçıvan” kubokda büdrəmədi. I Liqada autsayderlər qrupunda olan “Mingəçevir”i asanlıqla məğlub edən Elmar Baxşıyevin yetirmələri indi növbəti rəqibini gözləyəcək. “Mingəçevir”i qapısına sıxan, bəzi epizodlarda rəqibinə oynamağa imkan verən naxçıvanlılarda bir neçə ehtiyat oyunçusu startda oynadı və qismən olsa da, ümidləri doğrulda bildi. Hər bir halda, “Mingəçevir”lə görüş hansısa oyunçunun durumunu yoxlamaqçün ölçü ola bilməz. Bu görüşdə də Premyer Liqa ilə I Liqa arasındakı səviyyə fərqinin şahidi olduq. “Araz-Naxçıvan”ın növbəti rəqibi “Zirə” – “Şamaxı” cütünün güclüsü olacaq.
Turan Tovuz – Sabah 2:2 (penaltilər 1:3)
Mərhələnin ən maraqla gözlənilən qarşılaşması dramatikliyi ilə fərqləndi. İlk hissədə meydan sahiblərinin oyunçusu Denis Marandiçinin ayağının sınması hər iki komanda oyunçularına psixoloji sarsıntı yaşatdı. Xüsusilə, “Sabah”ın hücumçusu Pavol Şafranko istəmədiyi vəziyyətdə səbəb olduğu ağrılı duruma çox məyus oldu. Futbolçunun xəstəxanaya aparılmasından sonra oyuna qayıdan tərəflər ilk hissəni daha çox yarımmüdafiədə keçirdi. Düzdür, hərəyə bir qol vurulsa da, ciddi qol epizodları yaradılmadı.
İkinci hissədə təzyiqini artıran “Turan Tovuz” bir neçə şans yaxalamasına baxmayaraq, fərqlənə bilmədi. Əlavə vaxtın sonlarında önə keçən “Turan Tovuz” üstünlüyünü qoruya bilmədi və müdafiədəki diqqətsizlik baha başa gəldi. Penaltilər seriyasının qəhrəmanı isə “Sabah”ın qolkiperi Yusif İmanov oldu. Dramatik matçda sevinən “Sabah” oyunsonrası bunu xüsusi coşğu ilə qeyd etdi. Bu, həm də komandanın yeni baş məşqçi Vasili Berezutskinin rəhbərliyi altındakı ardıcıl ikinci qələbəsi oldu. “Sabah”ın növbəti rəqibi “Sumqayıt” – MOİK cütünün qalibi olacaq.
1/8 final mərhələsinin digər oyunları bu gün baş tutacaq.
Şahin Cəfərov