I Divizion: ilk dövrədə baş verənlər (LAYİHƏ)

FutbolPressAFFA yanında Media Komitəsinin elan elədiyi layihə müsabiqəsində “FutbolPress” “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası üzrə “Ölkədaxili yarışlara güzgü tutaq” mövzusunda qalib elan edildi. Layihəni eyni istiqamət üzrə növbəti dəfə icra edən saytımız yazıları davam etdirir. Bu dəfə I Divizionun I dövrəsində baş verənlərə nəzər yetirəcəyik…
 
Futbol üzrə Azərbaycan I Divizionunda I dövrəyə yekun vuruldu. Keçən həftəsonu IX turun oyunları keçirildi. Tur bir sıra məqamlarla yadda qaldı. Lider “Qaradağ Lökbatan” yenə qələbə qazandı. Komanda bu dəfə “Ağsu”nu darmadağın etdi. Digər maraqlı məqam son çempion “Turan Tovuz”un məğlubiyyəti ilə bağlı oldu. Komanda buna qədər xalı olmayan “Zaqatala”ya boyun əydi. “Mil-Muğan”ın səfərdə “Sabah”a 4 qol vurması da diqqətçəkən hgadisələrdən oldu.
 

Dövrənin ümumi mənzərəsi
 
9 turdan sonra Divizionda lider “Qaradağ Lökbatan”dı. Məğlubiyyətsiz irəliləyən yeganə komanda olan Lökbatan təmsilçisi 23 xal toplayıb. Mövsümə əla başlayan komanda ilk turdanca zirvədə mövqeyini qoruyur. Hər matçda rəqiblərindən çox üstün olması sonda çempionluğu əlçatan edir. Hazırkı məqamda “Qaradağ Lökbatan” TPL-ə vəsiqə qazanmağa ən real namizəddi.
 
Mövsümdən əvvəl çempionluğa oynayacağı deyilən MOİK-in də işləri qaydasındadı. Düzdü, komanda “Qaradağ Lökbatan”dan kifayət qədər – 6 xal geri qalır, ancaq bu, aradan qaldırılmayacaq qədər çox deyil.
 
3-cü yerə isə iki komanda şərikdi. Söhbət son çempion “Turan Tovuz” və debütant “Binə”dən gedir. Hər iki komandanın 13 xalı var. Öz aralarındakı görüşdə Tovuz klubu qalib gəldiyi üçün 3-cü pillədədi.
 
Aşkar autsayder “Zaqatala”dı. Son tura qədər bütün oyunları uduzan komanda yalnız “Turan Tovuz”a qalib gəlməklə, aktivinə xal yaza bildi. Zaqatalalılar 9-cu yerin sahibi “Ağsu”dan 5 xal geri qalırlar.
 
Çempionatın bombardiri isə “Turan Tovuz”dan Elnur Səmədovdu. O, 8 dəfə fərqlənməyə imkan tapıb.

N Klublar O Q H M T-F X
1 Qaradağ Lökbatan 9 7 2 0 17-6 23
2 MOİK 9 5 2 2 15-7 17
3 Turan Tovuz 9 4 2 3 13-13 14
4 Binə 9 4 2 3 10-5 14
5 Mil-Muğan 9 4 1 4 15-15 13
6 Şüvəlan 9 4 1 4 9-9 13
7 Xəzər 9 3 3 3 9-6 12
8 Sabah 9 3 1 5 11-16 10
9 Ağsu 9 2 2 5 11-19 8
10 Zaqatala 9 1 0 8 5-19 3
 

 
I Divizionda diqqətçəkən məqamlardan biri debütantların demək olar ki, eyni səviyyədə çıxış etməsidi. Bu komandalar nə aşkar autsayderdi, nə də lider. Yalnız “Binə”ni bu baxımdan fərqləndirmək olar. Komanda yuxarı sıralara meylli görünür. “Şüvəlan” isə çempionata yaxşı başlasa da, sonradan zəifləmə müşahidə olundu. Ümumiyyətlə yenilərin hər biri uğurlu start vermişdi, ancaq sonradan vəziyyət bir qədər dəyişdi.
 
Ötən mövsümlər də I Divizionda mübarizə aparanlarda isə vəziyyət fərqlidi. “Qaradağ Lökbatan” MOİK və “Turan Tovuz” yüksək sıralar uğrunda yarışırsa, “Mil-Muğan” daha çox ortabab təsiri bağışlayır. “Ağsu” və “Zaqatala” isə ən zəiflərdi. Əslində, mövsümdən əvvəl də bu cür gedişat təxmin edilirdi.
 

Azarkeş problemi
 
Topaz Premyer Liqasında olduğu kimi I Divizionda da stadionlarda azarkeşlərin olmaması ən böyük problemlərdəndi. Əslində, region klublarının Premyer Liqa ilə müqayisədə I Divizionda çox olması azarkeş sayında müsbətə doğru dəyişikliyə səbəb olmalı idi. Ancaq onların əksəriyyəti istənilən səviyyədə çıxış etmədiyi üçün fanatlar stadiona getməkdə maraqlı deyillər.
 
Məsələn, keçən mövsüm “Turan Tovuz”çempionluğa oynayan ən güclü kollektiv idi. Bu baxımdan komandanın ev oyunlarında bəzi Premyer Liqa klublarının həsəd apardığı atmosfer müşahidə olunurdu. Üstəlik komandanın əzəli rəqibi “Şəmkir” də aşağı liqada mübarizə aparırdı. Bu iki komanda arasındakı qərb derbisi isə əksər TPL matçlarından daha gərgin və maraqlı alınırdı. Bu mövsüm isə azarkeşlər güclü “Turan Tovuz”la yanaşı belə bir oyundan da məhrumdular.
 
Eynilə, “Zaqatala”, “Ağsu”, “Mil-Muğan” kimi həmişə azarkeş toplaya bilən komandaların xeyli zəif nəticələr göstərməsi ev oyunlarının boş tribunalar qarşısında olmasına səbəb olub.
 
İnsanların I Divizona marağının az olmasında yarışın istənilən səviyyədə işıqlandırılmamasını da qeyd etmək lazımdı. Ümumiyyətlə, aşağı dəstə sanki tamamilə diqqətdən kənar qalıb.
 
I Divizionda ümumi azarkeş sayının az olmasında paytaxt klublarının sayının artmasının da rolu az deyil. Bir çox qarşılaşmada 50, 70 kimi tamaşaçı sayının olması vəziyyətin nə qədər acınacaqlı olduğunu sübut edir və bu, əsasən paytaxt klublarının ev oyunlarında müşahidə olunur. Düzdü, Bakıda keçirilən bəzi oyunlarda 700-ə qədər azarkeşin tribunada olduğu qeyd olunub. Ancaq bunun inandırıcı olmadığı müxtəlif oyunlardakı say fərqində aşkar görünür. Məsələn, “Xəzər”in bir matçında 50, digərində 70, başqa birində və əslində daha maraqsız görünən oyununda 400 tamaşaçı olduğu qeyd olunur. Digər tərəfdən say gözəyarı hesablandığı üçün rəqəmlərin həqiqət olmadığını və şişirdilməyə meylin göründüyünü iddia etmək olar.
 
Rəsmi rəqəmlərə inansaq, 9 turun 45 oyununu ümumilikdə 12513 tamaşaçı tribunadan izləyib. Bu isə orta hesabla hər matça 278 azarkeşin olduğu deməkdi. Ən aşağı nəticə  I turda qeydə alınıb. 5 matçda 783 tamaşaçı qeydə alınıb. Bu həm də ümumi sayın 1000-dən az olduğu yeganə turdu. Ən yüksək göstərici isə VIII turda qeydə alınıb. Həmin zaman oyunları 2050 tamaşaçı izləyib. Bu isə ümumi sayın 2000-i keçdiyi yeganə haldı.
 
Ən çox azarkeş yığan klub “Turan Tovuz”du. Tovuzda keçirilən ilk oyunlarda say xeyli aşağı olsa da, sonradan müəyyən artım olub. İlk turlarda maksimum 500 azarkeşin ev sahibliyi etdiyi Tovuz şəhər stadionunda sonradan 1000 nəfərlik bariyer aşılıb. VI turda “Sabah”la görüşdə tribunada bu qədər azarkeş olubsa, VIII turda lider “Qaradağ Lökbatan”la qarşılaşma üçün 1100 nəfər stadiona təşrif buyurub.
 
Azarkeşik baxımından qeyd ediləcək daha bir komanda “Binə”di. Ümumiyyətlə, klubun tanıdılması istiqamətində fəaliyyət göstərən yeganə I Divizion klubu məhz bu qəsəbə təmsilçisidi. Sosial şəbəkələrdə fəallıq, saytının normal işləməsi, azarkeşlərlə daim əlaqənin mövcudluğu, mətbuatın diqqətində olmağa meyllilik yalnız “Binə”də nəzərə çarpır. I Divizion klubları arasında aktiv fan-klubu olan, hətta regionlardakı səfər oyunlarında belə dəstəksiz qalmayan “qartallar” bu baxımdan bütün digər aşağı liqa klublarından xeyli üstündülər.
 

Tur Oyun Tamaşaçı Orta say
I 5 783 157
II 5 1200 240
III 5 1350 270
IV 5 1250 250
V 5 1050 210
VI 5 1850 370
VII 5 1280 256
VIII 5 2050 410
IX 5 1700 340
Yekun 45 12513 278

 
 

Danışılmış oyun problemi
 
I Divizionun daha böyük problemi isə danışılmış oyunlarla bağlı şübhələrin olmasıdı. Düzdü, bu, keçən mövsüm olduğu həddə deyil. Az qala hər tur şübhəli matçların ortaya çıxdığı mövsümdən fərqli olaraq bu il vəziyyət bir qədər düzəlib. Hər halda bir sıra futbolçuların bu sahədən uzaqlaşdırılması, iki klubun çempionatdan kənarlaşdırılması öz təsirini göstərir. Üstəlik, mövsüm başlamazdan əvvəl AFFA bu cür şübhənin mövcud ola biləcəyi komandaları yarışa buraxmadı. Hazırkı mövsümün gedişində də bu məsələ ilə bağlı tez-tez I Divizion klublarının nümayəndələri ilə görüşlər keçirilir. Ümumi mənzərə futbolun bu bəladan təmizlənməsi istiqamətində xeyli işin görüldüyünü göstərir.
 
Ancaq yenə də problemlər qalmaqdadı. Bu mövsüm də tez-tez müxtəlif oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilmiş olması ilə bağlı şübhələr ortaya atılır. Hətta bəzi klublar konkret olaraq bunda ittiham edilir. UEFA-dan daxil olan hesabatlarda konkret klubların ittiham edildiyi bildirilir. Həqiqətən də, bir sıra matçlarda baş verənlər şübhələrin əsaslı olduğunu göstərir. İstər qeydə alınan hesablar, istərsə futbolçuların meydanda davranışıb belə şübhəılərə yol açır.

Faiq Tahirov

Məqalə AFFA yenında Media Komitəsinin maliyyə dəstəyilə hazırlanıb