“Hypers”in futbolçusu: “Hədəfimiz yüksək yerlər uğrunda oynamaqdır”

Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Nadirovun qurduğu “Hypers” komandası ilk ilində uğurlu nəticə göstərərək, II Liqaya yüksəlib. Komanda pley-off seriyasında “Şəfa”nı iki oyunda da (2:0, 2:1) məğlub etməklə, üst liqaya qalxıb.

Komandanın futbolçusu Məhəmməd Alıyev “FutbolPress“ə açıqlamasında pley-off oyunlarını şərh etdi:

“Komanda yoldaşlarımı, rəhbərliyi, məşqçilər heyətini təbrik edirəm. Region Liqasında məqsədimiz çempion olub, II Liqaya yüksəlmək idi. Düzdür, bu yolla alınmadı, ancaq pley-off oyununda qalib gəlməklə bir pillə adladıq. Çox sevincliyik. Heyətimizdə təcrübəli oyunçular var, bacaracağımıza inanırdıq. Bu uğurun davamını II Liqada gətirməyə çalışacağıq”.

Alıyev II Liqada mübarizənin asan olmayacağını bildirdi. O, buna baxmayaraq, hədəflərinin çempion olub, I Liqaya yüksəlmək olduğunu bildirdi:

“Əlbəttə, asan olacağını düşünmürük. Lakin bu motivasiya və ruh yüksəkliyi olduğu müddətdə daha irəki gedə biləcəyimizə inanırıq. Komanda yoşdalarıma güvənirəm və rəhbərlik də irəli getməyimiz üçün əlindən gələni əsirgəməyəcək. Hədəfimiz yüksək yerlər uğrunda oynamaqdır. İndi isə II Liqada çempion olmaq və I Liqaya yüksəlmək istəyirik. Hədəfimiz, məqsədimiz budur. Ümid edirəm ki, transfer dönəmində də yeni oyunçularla gücümüzə güc qatar, hədəflərimizə çatarıq”.

Şahin Cəfərov