Azərbaycan Premyer Liqasının XX turunun “Səbail” – “Kəpəz” (1:0) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Oyunun gərginliyi yüksək səviyyədə idi. Bu matça psixoloji cəhətdən yaxşı hazırlaşmalıydıq. Bunu bacardıq. İki fərqli hissə izlədik. Bir neçə qol epizodlarımız oldu, amma dəyərləndirə bilmədik. Üzərində işləməli olduğumuz çox məqam var.
– Fasilədən sonra 2-ci qələbənizi qazandınız. Bu artımı nə ilə əlaqələndirmək olar?
– Mən gələndə qış fasiləsinə 5 tur qalmışdı. Onlardan 3-ü çempionatın favorit komandalarına qarşı idi. Hazırlaşmağa vaxtımız az idi. Şükürlər olsun ki, özümüzü yaxşıya doğru aparırıq.
– Yeni transferlər olacaq?
– Güclənmə yolunda işlər aparılır. Daha 2 futbolçu istəmişəm.
– Sirr deyilsə hansı mövqe üçün nəzərdə tutulub? Oyun zamanı bitiricilikdə probleminiz var idi.
– Fərqindəyik. Elə üzərində işləməli olduğumuz məqamlar buna aiddir. Bitiricilikdə problemimiz var. Həm hücum, həm də müdafiə xəttini gücləndirməliyik.
– Qapıçınız Əlirza Müştəbazadə haqda fikirləriniz necədir?
– Gəncdir. Qapıçıma güvənirəm. Bir neçə epizodda bizi xilas etdi. Potensialı var. Mütləq şəkildə öz üzərində işləməlidir.
Mirkamal Kazım