Hüseynov: “Neçə dəfə VAR-a getməklə matça 3 dəqiqə artırmırlar”

Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” (1:1) matçından sonra qonaq komandanın çalışdırıcısı Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

– Tovuzda olmaq mənim üçün xoşdur. Çünki Tovuz camaatını, “Turan Tovuz” klubunu çox sevmişəm. İlk addımlarımı da burada atmışam. İki fərqli hissə oynadıq: “qırmızı”ya qədər olan və ondan sonra. Səhvlərimiz var, üzərində işləyəcəyik.

– Rüfət Abdullazadə sizin gizli silahınızdır? Keçən oyunda da sonradan meydana qoşuldu..

– Onun zədəsi var idi. Ona görə risk etmək istəmədik. Bu həftə isə yaxşı idi. Sadəcə tonosdan düşdüyü üçün ikinci hissədə oynatdıq.

– “Kəpəz”lə rəqabət sizi narahat etmir?

– Xeyr, istənilən halda komandamızın inkişafı gedir. O zaman narahat olardım ki, komandamın oyun planında irəliləyiş olmasın. Hazırda irəliləyiş var.

– Kluba yeni gələndə demişdiz ki, çatışmazlıqlar var. Çatışmazlıqlar aradan qaldırılıb?

– Onu siz daha yaxşı görərsiz. Ayağını tutub yerə uzanan futbolçunu hələ görmədim. Hakimlik haqda da onu demək istəyirəm ki, neçə dəfə VAR-a getməklə matça 3 dəqiqə artırmırlar. Bunu düzgün görmürəm. Rəqib azlıqdadır və üstünlük bizdə idi.

– Epizodun davam etdirilməsiylə bağlı çox etiraz etdiz. Halbuki o davam etdirilməlidir…

– Oyunu davam etdirib sonra həmin mövqeyə gələ bilər. Ancaq əksi də ola bilərdi. Belə hadisələrlə çox üzləşmişəm.

– Hakimliklə bağlı etirazınız konkret nə ilə əlaqədardır?

– Dəyişikliklərlə və pauzalarla bağlı. 30 saniyə belə bizim üçün önəmli idi.

Mirkamal Kazım