Hüseynov bu suala cavab vermək istəmədi

Azərbaycan Premyer Liqasının XXVI turunda “Zirə” – “Səbail” (1:0) matçından sonra qonaq komandanın baş məşqçisi Cavid Hüseynov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Ağır oyun idi. Əlbəttə, bizim üçün bu dəqiqə xallar vacibdir. Sadəcə olaraq 70-ci dəqiqədə “qırmızı” almağımız da matça çox təsir etdi. Rəqibi təbrik edirəm. Qarşıda 10 tur var. Xallarımızı artırmağa çalışacayıq.

– Gedişat göstərir ki, elitada qalmaq uğrunda “Sumqayıt”la mübarizə aparacaqsız. Siz də onları əsas rəqib kimi görürsüz?
– Bu haqda danışmaq tezdir. Bəli, bu gün “Şamaxı” qələbə qazanıb və qarşıda “Kəpəz”lə “Sumqayıt”ın oyunu var. Bizə indi bir qələbə lazımdır ki, komandanın inamı özünə gəlsin.

– Oyunun favoriti elə “Zirə” göstərilirdi. Amma 90+6-cı dəqiqədə də qol buraxmaq, bir az təsir etmir?
– Əlbəttə. 70-ci dəqiqədən etibarən “Zirə” kimi komandaya qarşı 10 nəfərlə mübarizə aparmaq asan deyil. Çünki rəqibin heyətində ustalıq səviyyəsi yüksək futbolçular var. 90+6-cı dəqiqədə qol buraxmaq bizim üçün əlavə məyusluqdur. Belə hallara həm ölkə, həm də dünya futbolunda çox rastlaşmışıq.

 – Qırmızı vərəqə epizodunu necə şərh edərdiz?
– Düzü, epizoda baxmamışam. Əgər Süleyman Alluş bilərəkdən bunu edibsə, klub tərəfindən böyük məbləğdə cərimələnəcək. Komandanı bu vəziyyətdə qoymaq olmaz.

– Növbəti rəqibiniz “Neftçi”dir…
– Bəli, yaxşı komandadır. Bir daha vurğulayıram ki, bizim üçün artıq rəqiblərin adı önəmli deyil. Bizə sadəcə xal və xallar lazımdır.

– İkinci dövrəyə çox yaxşı başlamışdız. Bəs sonradan nə baş verdi ki, bu uğurun ardını gətirə bilmədiz?
– Bu, normaldır. Zədəli futbolçularımız həddən artıq çox idi. Ön xətdəki oyunçumuz Nşuti və Marko bu gün qayıdıb. Heyətimiz geniş deyil. Qələbə qazansaq belə çətin olacağını bilirdik.

– Qışdan sonra transferlər olacağını demişdiz. Nə baş verdi ki, bu, reallaşmadı?
– Bu suala indi cavab vermək istəmirəm. Çox istəyərdik ki, daha 2 futbolçu heyətimizə cəlb olunsun. Hətta bu barədə danışmışdıq. Amma alınmadı.

Mirkamal Kazım