Buzüstü hokkey dünyada ən çox sevilən idman növlərindən biridir. Kanada, Rusiya, İsveç, Finlandiya, Çexiya, Amerika Birləşmiş Ştatları və Slovakiyada populyar olan idman növünə son aylarda Azərbaycanda da diqqət ayrılıb. Belə ki, bir il bundan öncə Gənclər və İdman Nazirliyi tərəfindən Heydər Əliyev adına İdman-Konsert Kompleksində buz meydançası istifadəyə verilib. Bundan başqa, bu ilin fevralında isə Azərbaycan tarixində ilk dəfə buzüstü hokkey komandası yaradıldı. “Baku Flames” adı ilə fəaliyyət göstərən komanda artıq ilk uğruna da imza atıb. Belə ki, təmsilçilərimiz Kazan şəhərində İslam ölkələri arasında keçirilən “Orxis Cup” ikinci beynəlxalq hokkey turnirinda çempion olub.
Komandanın üzvü Anar Hüseynov “FutbolPress”ə turnirlə bağlı təəssüratlarını bölüşdü:
“Yeni yaradılan klubuq. Əslində gözləmirdik ki, belə qısa müddət ərzində hansısa turnirdə iştirak edək. Komanda bir neçə ay əvvəl yaradıldı, bununla belə turnirdə iştirak etdik, həmçinin çempion olduq. Bununla da A Liqasına vəsiqə qazandıq. Orada daha güclü rəqiblər var. Gələn il həmin turnirdə ciddi rəqiblərlə qarşılaşacağıq. Bu yarışda iştirak bizim üçün sürpriz olsa da, sonda qızıl medalları qazana bildik”.
Hokkeyçi yarışın çətin keçdiyini qeyd etdi:
“Turnir çətin keçdi. İran və Bəhreyn komandalarının belə güclü olduğunu gözləmirdik. Lakin özümüzü göstərdik və qələbə də qazandıq. 3-4 aydan sonra Bakıda turnir keçiriləcək, Rusiya və s. kimi bir neçə ölkədən Azərbaycana komandalar gələcək”.
Hüseynov Azərbaycanda oyunçu sayının az olduğunu dilə gətirdi:
“Azərbaycanda hokkey oynaya bilər insalar çox deyil. 30 nəfərik, bacardığımız qədər komandalara bölünüb, məşq edirik. Çünki Azərbaycanda bizdən başqa hokkey klubu yoxdur. Komandaya xüsusi seçim etmədik, kimlər bu idman növündə özünü yaxşı tərəfdən göstərməyi bacardı, komandaya qoşuldu”.
Müsahibim Azərbaycana yad olan idman növünü ölkədə inkişaf etdirməyin çətin olacağını dedi:
“Hokkeyi Azərbaycanda inkişaf etdirmək çətin olacaq. Çünki sözügedən növ Azərbaycana yaddır. Düzgün inkişaf etmək, kütləviliyi artırmaq üçün yeni buz arenaları tikilməlidir. Həmçinin mütləq şəkildə çempionat olmalıdır. Bir komandayıq, Azərbaycanda rəqiblərimiz olmasa, rəqabət də olmayacaq. O zaman inkişaf da edə bilmərik. Minimum 3 buz arenası olmalıdır, uşaqlar üçün məktəblər açılmalıdır ki, yeni nəsil yetişsin. Hazırda yeni komandaların yaradılması ilə bağlı hər hansı məlumatımız yoxdur”.
Anar Hüseynov təcrübə mübadiləsinin vacibliyini qeyd etdi:
“Xarici təcrübə mübadiləsinə hazırlaşırıq. Planlarımızda var. Qeyd etdiyim kimi, sentyabrda Azərbaycana bir neçə klub gəlməlidir. Bundan başqa da bizim də başqa ölkələrə getmək kimi planlarımız var”.
“Baku Flames” komandasının üzvü Beynəlxalq Hokkey Federasiyasına üzv olmanın vacibliyini vurğuladı:
“İnkişaf istəyiriksə, mütləq şəkildə yeni buz arenaları tikilməlidir. Hokkey bahalı idman növüdür. Nəticə və inkişaf istəyiriksə, ya Dövlət bu idman növünə ciddi miqdarda maliyyə ayırmalıdır, ya da sponsorlar cəlb edilməlidir. Uşaqlar hokkey oynamaq üçün formaya sahib olmalıdır. O geyim olduqca bahalıdır. Bundan başqa, Beynəlxalq Hokkey Federasiyasına üzv ola bilsək, onların İnkişaf Proqramlarından istifadə edib, ayırdıqları maliyyə ilə müəyyən qədər ehtiyacları ödəmək olar. Federasiyaya üzv olmaq üçün isə Gənclər və İdman Nazirliyi müvafiq addımları atmalıdır. Üzvlük üçün müəyyən kriteriyalar var. İlkin şərt çempionatın olmasıdır. Bundan sonra müvafiq addımları atıb, üzv ola bilərik”.
Məlik Məlikov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.