“Heç kim istəməzdi ki, sona 6-7 dəqiqə qalmış səhv etsin“

Azərbaycan Premyer Liqasının XXXI turunda keçirilən “Zirə” – “Sumqayıt” (3:1) matçından sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Çox yaxşı komandaya qarşı mübarizə apardıq. Həmin komanda elə-belə ikinci yerdə getmir. Bunun şahidiyik. Amma “Sumqayıt” da bu gün yaxşı oyun sərgilədi. Futbolçularıma təşəkkür edirəm. Hər iki komanda yaxşı futbol nümayiş etdirdi. Hər iki komandanın oyun üslubları meydanda görünürdü. İnanıram ki, komandam belə rəqiblərə qarşı oyunlarla daha da möhkəm olacaqlar. İnşallah ki, növbəti matçlarda da belə oyunlar olmasını istəyərdim. “Zirə”yə uğurlar arzulayıram. Bizim isə qarşıda çətin oyunlarımız var və ona hazırlaşacağıq.

– Yerli oyunçuların “uşaq səhvlər”ini görəndə, düşünmürsünüz ki, nə yaxşı növbəti mövsümdə legioner limiti qaldırıldı?

– Düşünmürəm. Əlbəttə, heç kim istəməzdi ki, oyunun sonuna 6-7 dəqiqə qalmış səhv etsin. Hansı ki, biz də həmin ərəfədə, yəni ikinci hissədə üstünlük bizdə idi və qol imkanlarımız var idi. Hərçənd belə bir epizodda səhvə yol verdik. Bu, futboldur. İstər yerli, istərsə də əcnəbi olsun, mənim üçün hamısı eynidir və hamısına da güvənirəm. İnanıram ki, növbəti oyunlarda belə səhvlərə yol vermərik. Amma ən azından futbolçularımın meydançadakı istəyi, ruhu, əzmkarlığı mənim üçün çox önəmlidir. İnanıram ki, belə epizodlarımızın sayı daha az olar və öz epizodlarımızdan isə istifadə edə bilərik.

Mirkamal Kazım