“Heç bir komanda “Qarabağ”la ayaqlaşa bilməyəcək”

Azərbaycan Premyer Liqasında yaranmış qış fasiləsindən istifadə edərək, istirahətlərini təşkil edən komandalar, bir neçə gündən sonra məşqlərini bərpa edəcəklər.

Təcrübəli futbol mütəxəssisi Əfqan Talıbov “Futbolpress”ə açıqlama verərək, mövsümün ilk yarısını dəyərləndirdi və çempionatın ikinci yarısı ilə bağlı gözləntilərini bölüşdü:

“Çempionatın ilk yarısı onu göstərir ki, 3 və 4-cü dövrədəki oyunlar daha gərgin keçəcək. Bu, keçən mövsümlə müqayisədə, çempionatın daha da inkişaf etdiyinə işarədir. VAR sistemim olduğu çempionatda komandaların, məşqçilərin bəzi məqamlarda verilən qərarlara narazılıq etməsi də mübarizələrin gərginliyindən xəbər verir. Bu da öz növbəsində futbola rəng qatır. İkinci yarıdan gözləntilərimə gəlincə, artıq Avropa Liqasındakı çıxışını başa vurmağa yaxın olan “Qarabağ”, çempionatda liderliyini inamla davam etdirir. Transfer gücünə, maliyyə dayanıqlığına görə yəqin ki, 5 komanda Avropaya çıxış əldə etmək üçün mübarizə aparacaqlar. Həmin siyahıya “Araz-Naxçıvan”, “Turan Tovuz”, “Zirə”, “Sabah” və təbii ki, “Qarabağ” daxildir. “Neftçi”, “Şamaxı” və “Sumqayıt”a isə həmin siyahıya daxil olmaq çətin olacaq. Hesab edirəm ki, elitadakı yerini qorumaq üçün gərgin mübarizə “Kəpəz” və “Səbail” arasında gedəcək. Qarşıda bizi 18 turluq uzun marafon gözləyir. Hər bir dəyişiklik ola bilər. Amma bu fasilədə böyük qlobal transferlər, dəyişikliklər görsənmir. Çünki qış fasiləsində böyük transferlər etmək olmur. Əksər futbolçuların müqaviləsi yaya qədərdir. 1-2 oyunçunun keçidi baş verə bilər. Bu da onu göstərir ki, komandalara yeni cəlb olunacaq futbolçuların fiziki və texniki gücünü inkişaf etdirməsi üçün vaxt azdır. Hansı komandan ehtiyat oyunçular skamyası geniş olacaqsa, 3 və 4-cü dövrələrdə daha yaxşı mübarizə apara biləcək. Sıx qrafik səbəbindən kasad heyəti olan komandaların bu dövrələrdə işini çətin olacaq. Fikrimcə, heç bir komanda “Qarabağ”la ayaqlaşa bilməyəcək. Ona görə də “Qarabağ”ın bu mövsüm də çempion olacağını düşünürəm. Lakin ölkə kubokuna bunu aid etmək olmaz. Hər an möcüzə baş verə bilər. Ümumi götürdükdə, bu mövsüm “Sumqayıt”, “Neftçi” və “Şamaxı” digər komandalarla ayaqlaşmada çətinlik çəkəcək. Maraqlı ikinci yarıya şahidlik edəcəyik. Arzu edərdim ki, hakimlər oyunlara müdaxilə etməsinlər. Demirəm ki, onlar bilərəkdən səhvlərə yol verirlər. Amma səhvlər minimuma endirilməlidir ki, bəzi komandaların çəkdiyi əziyyət yerdə qalmasın”.

Mirkamal Kazım