“Heç bir futbolçu belə bir şeyin olmasını arzulamaz” (MÜSAHİBƏ)

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünü dördüncü sırada bitirib. “Kimyaçılar” bununla da tarixində üçüncü dəfə avrokuboklara vəsiqə qazanıb. Samir Abasovun rəhbərlik etdiyi kollektiv Konfrans Liqasında mübarizəyə qoşulacaq.

“Sumqayıt”ın müdafiəçisi Murad Xaçayev “FutbolPress“ə müsahibəsində APL-in son turunda “Qəbələ”ni məğlub edərək (1:0) avrokuboklara vəsiqə qazanmalarından və mövsümdəki çıxışlarından danışdı:

– Son oyun və bir qol komandanı avrokuboklara apardı. Düzdür, artıq üstündən bir müddət keçib, amma həmin oyunu yenidən xatırlamağını istəyərdim…
– Başa düşürdük ki, bu oyunda bizə ancaq qələbə lazımdır. Öz azarkeşlərimizin önündə oynayırdıq və dərk edirdik qalib gəlməməyə haqqımız yoxdur. Azarkeşlərimizə isə xüsusilə təşəkkür edirəm ki, stadionda belə bir atmosfer yaratmışdılar. Bunun da nəticəsində Konfrans Liqasına vəsiqə qazandıq. Komandamız buna layiq idi.

– “Sabah”la oyunda (0:2) kobud səhvlə yadda qaldın və komanda uduzdu. Bu, avrokubok işinizi çox çətinə salmışdı. Lakin son oyunda etibarlı çıxışınla fərqlənə bildin. Həmin o səhvdən sonra hansı hissləri keçirdin? 
– Rus dilində yaxşı bir atalar sözü var, deyir ki, ancaq heç nə etməyən adamlar səhv etmirlər. Heç bir futbolçu belə bir şeyin olmasını arzulamaz, amma təəssüf ki, bəzən bunlar olur. Əsas məsələ bundan nəticə çıxarmaq və irəliyə doğru hərəkət etməkdir.

– Son mövsümdə həm “Sumqayıt”da, həm də Premyer Liqada bütün oyunlarda iştirak edən oyunçusan. Çıxışını necə qiymətləndirirsən?
– Yaxşı mövsüm keçirdim, amma daha təkmilləşdirilməli olduğum məqamlar var. Bunun üçün çalışacağıq. Mənə etimad göstərən məşqçilərimə minnətdaram.

– “Sumqayıt”ın minimum imkanlar fonunda yaxşı nəticələrinin sirri nədədir?
– Bizim möhtəşəm komandamız, əla kollektivimiz var. Bu, meydanda da belədir, meydanda kənarda da. Mən düşünmürəm ki, Premyer Liqadakı hansısa komandada belə atmosfer olsun. Düşünürəm ki, uğurun açarı da məhz bu amildir.

– Yeni mövsümdə Avropa səhnəsində olacaqsınız. Konfrans Liqasından gözləntilərin nədir7
– İndi əsas düşüncəmiz ağır keçən mövsümdən sonra dincəlmək, mikrozədələrimizi sağalatmaq və yeni mövsüm üçün enerji toplamaqdır. Məşqlərə başlayandan sonra hədəflər haqqında düşünəcəyik.

Şahin Cəfərov