“Harda mübarizə aparırıqsa, çempion oluruq” – “Sabah”ın məşqçisi

“Sabah”ın U-12 komandası Türkiyədə keçirilən Yiğit Demirel beynəlxalq turnirində çempion olub.

“Futuristlər”in baş məşqçisi Məhərrəm Müslümzadə “FutbolPress“ə açıqlamasında yarışla bağlı fikirlərini bölüşdü:

“Rizespor”un təşkilatçılığı ilə keçirilən turnirdə 8 komanda var idi. Türkiyədən “Samsunspor”, “Trabzonspor”, “Rizespor”, Qazaxıstandan “Astana”, Estoniyadan “Nimme Yunayted”, Gürcüstandan “Dinamo” və “Bombora”. Komandalar iki qrupa bölündü.

Biz A qrupunda “Trabzonspor”, “Nimme Yunayted” və “Dinamo” ilə mübarizə apardıq. Rəqiblərimizi məğlub edərək, lider çıxa bildik və “Qızıl qrup”a qoşulduq. Burda isə qruplarını 1 və 2-ci sırada bitirənlər mübarizə aparırdı. Komandalar öz aralarında 4 oyun oynadı və ən çox xal qazanan çempion oldu. Bu adı qazandığımız üçün şadam”.

Müslümzadə komandanın potensialının olduğunu və çıxış etdikləri hər turniri çempion kimi bitirdiklərini söylədi:

“Çox maraqlı, zövqverici turnir oldu. Zəif komanda yox idi. Hər oyuna baxanda bunun şahidi olurduq. Təşkilatçılıq əla idi. “Rizespor”un bazası bizi valeh etdi. Çox şadıq ki, bu turnirin qalibi ola bildik. U-12 komandamız əla çıxış edir. Harda mübarizə aparırıqsa, çempion oluruq. Hər yarış bizim üçün böyük təcrübədir. Bunlar uşaqların gələcəyi üçün nəzərdə tutulur. Ümid edirəm ki, bu uşaqların gələcəkdə səsini Avropadan eşidəcəyik”.