“Zirə” bu gün Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın “DAC 1904” komandasını qəbul edəcək.
Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Həşimov “FutbolPress“ə açıqlamasında matçdan gözləntilərini bölüşdü:
“Bu gün “Şerif”lə matçda olduğu kimi maraqlı oyunun şahidi olacağıq. Slovakiya təmsilçisi də Moldova komandası kimi yaxşıdır. Komandaya ispan mütəxəssis rəhbərlik edir və daha çox 3-5-2 sistemindən istifadə edirlər. Oyunboyu təzyiq göstərib, rəqibi səhvə məcbur edirlər. Ümumiyyətlə, maraqlı komandadırlar. İnanıram ki, “Zirə”nin məşqçilər korpusu onları təhlil edib və necə oynamaq lazım olduğunu bu gün meydanda göstərəcklər. Düşünürəm ki, mərhələ keçmək şansımız var.
Nəzərə alaq ki, rəqib “Zirə”dən fərqli olaraq bu gün mövsümün ilk rəsmi oyununa çıxacaq. Bu amil “Zirə” üçün üstünlükdür. Mövsümün ilk oyunları hər zaman ağır olur. Bu gün “Zirə”nin qələbə qazanıb, səfərə üstünlüklə yollanacağına inanıram”.
Həşimov “Şerif”ə məğlubiyyətdən sonra baş məşqçi Rəşad Sadıqovun komandanı bugünkü oyuna motivasiya baxımından daha yaxşı hazırlaya biləcəyini dedi:
“Əlbəttə, belə məğlubiyyətlər hər komandaya təsir edərdi. Rəşad Sadıqov yaxşı motivatordur. Bu kimi situasiyalardan komandanı necə çıxaracağını bilir. Düşünürəm ki, futbolçular “Şerif”lə oyunu unudub, tam bu görüşə köklənəcəklər”.