Həsənalızadə “Tuzlaspor”a qalib gəldi

Ötən mövsüm Türkiyə I liqa təmsilçisi “Tuzlaspor”da çıxış edən Bəxtiyar Həsənalızadənin klubla problem yaşadığını xəbər vermişdik.

Hazırda “Araz-Naxçıvan”da çıxış edən 32 yaşlı müdafiəçi Türkiyə klubundan maaşını ala bilmədiyinə görə beynəlxalq prosedurlar çərçivəsində FIFA-ya şikayət ünvanlamışdı.

Futbolçunu vəkili – beynəlxalq idman hüquqşunası Elcan Həsənli “FutbolPress”ə açıqlama verərək, Azərbaycan millisinin üzvünün maaşının tam şəkildə ödənildiyini bildirdi:

“Bildiyiniz kimi Bəxtiyar ötən mövsüm Türkiyənin “Tuzlaspor” klubunda 3 aylıq əmək haqqını ala bilməmişdi. Biz də bununla bağlı klubu FIFA-ya şikayət etmişdik. Nəticədə FIFA mübahisələrin həlli palatasının qərarı əsasında futbolçuya kompensasiya ödənilməsi qərara alınmışdı. Bu qərar da artıq klub tərəfindən tam şəkildə icra olunmuşdur və bizim məhkəmə işimiz uğurla yekunlaşmışdır”.