Dostlar, AFFA-da fotobazlıq davam edir. Rövşən Nəcəf assosiasiya prezidenti seçiləndən şiddətli hal almış bu formanın daha bir nümunəsi dünən ictimailəşdirildi. Belə ki, nə Qurban Qurbanovun iştirak-i-xeyir-duası var, nə ictimai müzakirə, deyilənə görə hətta İcraiyyə Komitəsi vecə alınmadan milliyə baş məşqçi təyin olunmuş Santuş Qəbələyə ezam edilib.
Qurumun rəsmi saytında bu ezamiyyətdən fotosessiya dərc edilib. Məsələ xəbərləşdirilib.
Niyə?
Santuşun Qəbələyə getməsində xəbərlik nə var ki?
Bir müddət əvvəl Rövşən yoldaş Banqkokda iştirak etməli olduğu FIFA-nın sıradan, məsələn, 74-cü konfransından xeyli xəbər dərc edilmişdi. Fotosessiyalarla həm də.
Əlbəttə ki, bu, AFFA-nın mətbuat xidmətinin öz fantaziyası deyildi, ən azı şablon qaydaları bilirlər…
Rövşən yoldaşın hər həmkarı və ya futbol funksioneri ilə görüşü “N” sayda fotolarla xəbər halına salıb dərc edilməsi, görünür, onun şəxsi istəyindən doğmuşdu.
Həmin dəsti-xətdir. Santuş Qəbələdə infrastrukturla tanış olub. Fotosessiya. Xəbər. Və s.
Niyə?
“Qəbələ” I Diviziona yuvarlanıb. Deməli, heyətindən milli komandaya oyunçu gəlməyi möcüzə olar. Akademiyası da can üstədir. Deməli, aşağı yaş qrupları üçün perspektivlərdən də söhbət gedə bilməz.
Əşi, bu səfər nə üçündür axı?!
Yəni mənim qondarıb gətirdiyim baş məşqçi işgüzardır. İş başındadır. Hə?
Bundan başqa nə hasil edə bilərik o bahalıqda Santuşun Qəbələ səfərindən və səfərin dəm-dəsgahla xəbərləşdirilməsindən?
Hə, bəlkə milli komandanın toplanış lokasiyalarından biri kimi?
Onunçün də Santuşun getməyi vacib deyildi ki. O boyda administrasiya nə üçündür?
Gedib də, yaxşı, qara görməyək. Amma vallah-billah fotosessiya, xəbər… Dolamaqdır bu. Hamıdan əvvəl özünü.
OK, Qəbələyə infrastrukturla tanışlıq üçün gedib? Olsun. Onda ordan futbol ənənəsi olmuş Qusara da aparın, Qaxa da, Zaqatalaya da, İmişliyə də, Lənkərana da, Gəncəyə də, Naxçıvana da…
Və eyni fotosessiyalar hazırlayın. Dərc edin. Görək edəcəksinizmi…
Rövnəq Abdullayev nə demişdi, kral öldü, yaşasın kral. Bir az lağlağı, bir az məzə…
Rövşən Nəcəf seçkidən sonra nə demişdi? Mən kral deyiləm…
Bla, bla, bla…
Bir rüb keçdi. Rövşən Nəcəfli AFFA-nın islahat etməli olduğu sahələr qalıb böyrü üstə, hələ də başaldatdı addımlar görürük.
“Neftçi”də tarixinin ən böyük büdcəsi ilə avrokuboklardan kənar qalmağı “bacarmış” yoldaş “göydən zənbillə” AFFA prezidentliyinə düşəndə bunları təxmin etməliydik…
Dediyimiz kimi, 3 ay keçib, gələn ay Premyer Liqanın yeni mövsümü başlayır, ancaq AFFA-da qara bir sükunət hökm sürür. Belə hara gedilir?
Betərin betəri söhbətini qənşərimizə qoyub dizimizi döyək? Eks rəhbərliyin yarıtmazlığından yaxa qurtarmaq üçün uzun illər sonra dəyişikliklər bu oldu?!
Rövşən Nəcəf, İcraiyyə Komitəsi, siz nəyi gözləyirsiniz?
Üç aya yalnız bir neçə fotobazlıq?!
Elçin Cəlilov