“Hədəfimiz yaxşı nəticə əldə etməkdir”

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunun “Qarabağ” – “Ayaks” (Niderland) oyunundan əvvəl “atlılar”ın yarımmüdafiəçisi Marko Yankoviç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, monteneqrolu futbolçu əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Bizi böyük futbol günü gözləyir. Böyük və tanınmış kluba qarşı oynayırıq. Motivasiyamız yüksəkdir. Sabah hədəfimiz yaxşı nəticə əldə etməkdir.

– Oyunun favoriti “Ayaks”dır. Bəs bizim xeyrimizə nə ola bilər?
– Üstünlüyümüz odur ki, daha əvvəl də Avropa klublarına qarşı oynamışıq. Futbolun gözəlliyi odur ki, hər nəticə mümkündür. Bəzən autsayderlər də güclü komandaları məğlub edib. Sabah əsas olan meydana çıxıb, yaxşı mübarizə aparmaqdır. Nəticədən asılı olmayaraq.

– Avropa Liqasının yeni formatı sənin üçün nə dərəcədə maraqlı gəlir?
– Futbolçu kimi dəyişikliyi çox istəyirəm. Fərq ondadır ki, oyun sayı artıb. Bəlkə şans olacaq ki, böyük komandalara qarşı daha çox oynayaq. Hansısa böyük dəyişiklik hiss etmirəm.

Şahin Cəfərov