Bu gün futzal üzrə Avro-2026-nın final mərhələsinin püşkü atılıb.
Futbolpress.az xəbər verir ki, yığma həlledici mərhələyə yüksəlmək üçün Xorvatiya, İsveç və Yunanıstanla yığmaları ilə qarşılaşacaq. Millinin baş məşqçisi Vitali Borisov federasiyanın saytına açıqlamasında püşkü dəyərləndirib:
“Qrupumuza ən reytinqli komandalar arasından Xorvatiya düşdü. Düzdür, ondan da nisbətən zəif yığmalar var idi. Xorvatiya ilə ilk dəfə qarşılaşmayacağıq. İndiyə qədər bir neçə oyunda üz-üzə gəlmişik. Görüşlərimiz çox çətin olub. Sonuncu dəfə 4 il əvvəl Xorvatiyada qarşılaşmışıq və yenilmişik. Yunanıstanla da qarşılaşmışıq. Normal rəqibdir. İsveçə gəldikdə, onların futzalı son illərdə inkişafdadır, çempionatları güclənib. Bu baxımdan matçlarımız gərgin keçəcək. Əlbəttə, hər şey özümüzdən, hazırlığımızdan asılıdır.
Nə qədər yaxşı hazırlaşsaq, oyunlara güçlü heyətlə yollansaq, nəticə də bizim üçün yaxşı olacaq. İspaniya, Portuqaliya, Qazaxıstan kimi komandalarla indiki məqamda qarşılamağı heç istəmirdim. Bu baxımdan bəxtimiz gətirdi. Ümumiyyətlə bu gün istənilən komanda digərinə müqavimət göstərməyi bacarır. Çünki təkcə Avropada yox, dünyada futzala maraq artıb, komandaların nəticələri inkişafın göstəricisidir. Finlandiya kimi komanda bu gün dünya çempionatına vəsiqə qazanırsa, deməli, real mənzərə ortadadır. Bir daha qeyd edirəm ki, komandalar nə qədər güçlü olsalar da, bizim oyunlara hazırlığımızdan, futzalçıların yanaşmasından çox şey asılıdır”.