“Hər klubun öz akademiyası, şəraiti olsa, inkişaf da olar” (MÜSAHİBƏ)

FutbolPressAzərbaycan futbolunun problemli məsələlərindən biri, bəlkə də birincisi uşaq futboludur. Mövzu ilə bağlı illərdir danışılsa da, müsbətə doğru irəliləyiş demək olar, yoxdur. Başlıca səbəb isə mütəxəssis çatışmazlığı, düzgün şəraitin yaradılmamasıdır. Təsadüfi deyir ki, Azərbaycanda hesablasan, cəmi 3-4 normal futbol akademiyası var. Əvvəl “Bakı”, sonra “Qəbələ”, indi də “Sabah” akademiyasında görülən işlər nəticə verir, lakin bu, davamlı olacaq, ya əvvəlkilərdəki kimi bir illik? Təbii ki, bunu zaman göstərəcək.

Ölkə futbolunun yükünü illərdir çiyinlərində daşıyan, Azərbaycan və Qarabağ adını beynəlxalq arenada uğurla təmsil edən “Qarabağ” yeni akademiyanın inşasına başlamaq istəyir, lakin klub torpaq sahəsi verilməməsindən narahatdır. “Qəbələ” akademiyasında inkişaf olduğu bir vaxtda büdcə aşağı düşdü və geriləmə başladı. İndi isə növbə “Sabah”dadır. Masazır klubu həm aşağı yaş qruplarında, həm də əsas komanda ilə ötən mövsüm əldə etdiyi nəticələrlə alqışa layiqdir. İstənilən bu uğurun davamlı olmasıdır. Bunu isə zaman göstərəcək.

AFFA Gəncədə, Tovuzda futbol akademiyası binası inşa etdirdi. Bundan sonra məsələ klubların aşağı yaş qruplarına sərmayə qoyması, düzgün infrastrukturun yaradılmasıdır. Tək bu bölgələrdə deyil, Lənkəranda, Qusarda, Qax-Zaqatalda, Masallıda yeni akademiyalar yaradılmalıdır. Bu ərazilərdə Azərbaycan futbolunda sözünü demiş futbolçular çıxıb və bazanın yaradılması gələcək adına müsbət addımlardan olar.

Klubların aşağı yaş qruplarında nəticələri ürəkaçan olmayanlardan biri də “Zirə”dir. Əsas komandası mükafatlar uğrunda mübarizə aparsa da, akademiyada vəziyyət qənaətbəxş deyil. Son illərdə aşağı yaş qruplarından demək olar, heç 10 futbolçu əsas komandaya yüksələ bilməyib. “Zirə”nin akademiyasına sabiq futbolçu Zaur Həşimov rəhbərlik edir. Eyni zamanda əvəzedici komandanın da baş məşqçisi olan Həşimovla uşaq futbolunun son durumu və problemlərin həlli qaydası ilə bağlı söhbətləşdik:

– “Zirə”nin akademiyasına vəziyyət necədir?
– İstədiyimiz kimi deyil. Ən çox əziyyət çəkdiyimiz məsələ bazamızın olmamasıdır. Məşq etdiyimiz meydançalar isə şəhərdən kənardadır. Uşaqlar vaxtlarının daha çoxunu yolda keçirirlər. Bu amil inkişafımıza böyük zərbə vurur.

– Vəziyyətin qənaətbəxş olmadığı aşkardır. Ötən mövsüm aşağı yaş qruplarında “Zirə”nin çempionluğu, nəinki ilk “üçlüy”ə düşməsi demək olar, olmadı. Bircə, U-15 liqasında bürünc mükafat qazanıldı…
– Düzdür, çempionluq olmur, amma bütün komandalarımız layiqli mübarizə aparırlar. Bizim aşağı yaşlılarda məqsədimiz çempionluqlar, nəticələr deyil, əsas komandaya oyunçu yetişdirməkdir.

– Son illərdə əsas komandaya yüksələ bilən oyunçu sayı da çox azdır. Problemin qaynağı nədir?
– Ən böyük problemimiz bazadır. Belə deyim, akademiya böyük anlayışdır. Mən bir neçə Avropa klubunun akademiyasında olub, hər şeyə diqqət etmişəm. Onlarla bizi müqayisə etsək, bizim akademiyamız var demək, düz olmaz.

– Avropa ilə Azərbaycan arasında əsas fərqlər nədir?
– Demək olar, uçurum var. Meydançalar, bazalar olmalıdır. Hər klubun öz akademiyası, şəraiti olsa, inkişaf da olar. Bizdə müəyyən axsaqlıqlar var. Akademiyalarda məşqçilər uşaqları düzgün və vaxtında yönləndirməlidirlər.

– Bir vaxtlar “Bakı”, sonra “Qəbələ”, indi də “Sabah” ön plana çıxır. Amma “futuristlər”in digər klublar kimi inkişafını stabil saxlayacağı dəqiq deyil. Sizcə, akademiyaların davamlı işləməsi, inkişafı nə üçün alınmır?
– Bütün klublarda kompleks işlər aparılmalıdır. Meydança yoxdursa, futboldan danışmamalıyıq. Futbolun inkişafını istəyiriksə, birinci klubların bazaları yaradılmalıdır. Müasir standartlara uyğun akademiyalar qurulmalı, məşqçilərə təlimlər keçirilməli, mütəxəssislər savadlı olmalıdır. Uşaqların formalaşmasında problemlər var. Onlara detallı izahlar azımdır. Bu gün bir oyunçumuzun xarici klubda stabil qala bilməməsinin əsas səbəblərindən biri budur.

– Kompleks işlərdən söz açdız. “Zirə”də akademiya rəhbərisiz, klub olaraq sadaladığınız problemlərin aradan qaldırılması üçün nə işlər görülür?
– “Zirə” klub olaraq infrastrukturun yaxşılaşması üçün hazırda müəyyən işlər görür. Bir neçə baza kirayəsi ilə bağlı danışıqlar gedir. Təəssüf ki, daha əvvəl akademiyanın tikilməsi nəzərdə tutulan, lakin alınmayan bir neçə layihəmiz də olub.

– “Sabah” Zaqreb “Dinamo”su ilə əməkdaşlıq edir, bir neçə gənci Xorvatiyaya düşərgəyə göndərir. Sizin də belə planlarınız var?
– Bir neçə Türkiyə klubu ilə əməkdaşlığa başlamışıq. Yaxın gələcəkdə birinin qonağı olacağıq. Belə şeylər inkişafımız üçün vacib amillərdəndir.

– Azərbaycan futbolunda belə bir hal var ki, bir çox oyunçu aşağı yaşlarda fərqlənə bilir, amma əsas komanda vaxtı çatanda çoxu itib-batır, bəzən də futbolla vidalaşırlar. Bu problemi aradan qaldırmağın yolları nədir?
– Mütləq şəkildə çempionatda komanda sayı artmalı, ancaq legioner limiti qorunmalıdır. Bu zaman yerli və gənc oyunçulara ehtiyac olacaq. Buna qədər də futbolçular taktiki-texniki, fiziki cəhətdən hazır olmalıdırlar. Akademiyalarda bu amilləri uşaqlara aşılaya biləcək məşqçilər lazımdır.

– Son olaraq əvəzedicilərin çempionatının ayrı təşkil olunması ilə bağlı nə deyə bilərsiz?
– Düzgün qərardır. Görüşlər Premyer Liqa oyunlarından bir gün sonra olacaq. Əsas komandada praktikadan əziyyət çəkən futblçular əvəzedici heyətdə oynayaraq həm formalarını bərpa edə biləcəklər, həm də gənclərin inkişafına kömək olacaqlar.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu