Azərbaycan mətbəxi zəngin çeşidləri ilə fərqlənir. Həftəbecər adlı bir yemək isə bu mətbəxin ən zəngin tərkibə malik yeməyidir. İnqridientləri ordan-burdan yığılan, bəzən bir-birinə uyğun olmayan həftəbecər yemək bişirə bilməyənlərin bişirdiyi yemək kimi də bilinir.
Azərbaycan futbolunun durumu getdikcə həftəbecərə oxşayır. Bişirən naşı, tərkib qarışıq…
Heç vaxt olmadığı qədər hakim narazılığı yaşanır…
Hətta qələbə qazanan komandaların baş məşqçisi hakimlikdən şikayətlənir. Berezutski “Neftçi”ni məğlub etdikləri oyundan sonra,”VAR-da hakim yox idi” deyib, mətbuat konfransını tərk etdi.
Ötən tur da Samir Abasov (“Neftçi” – “Araz Naxçıvan” 1:1) hakimliyin səviyyəsindən şikayətçi idi. Hər tur… Azı iki baş məşqçi hakimlikdən gileylənir.
Əvvəllər bu haqda danışana cəza kəsilirdi, deyəsən, AFFA bu yöndən “yumşalıb”. Səbəb bundandı, ya hər nə – hakimlik məsələsi kritik həddə çatıb.
İş o yerə gəlib ki, Qurban Qurbanov belə tez-tez bu mövzuya toxunur. Üstəlik, dünən “Araz Naxçıvan”la kubok matçında (0:1) hakimin penalti qərarına əlindəki planşeti sındırmaqla etiraz etdi.
İşlər yaxşı yerə getmir. Həftəbecər effekti yaradan məqamlar bununla kifayətlənmir. Ölkə futbolunun idarəçilik yönündən problemlər yaşadığı və bu halın getdikcə dərinləşdiyi sezilir.
Futbol camiəsindən müxtəlif qruplaşmaların formalaşdığı və aralarındakı rəqabətin vəziyyəti ucuzluğa sürüklədiyi sezilir.
Artıq bir menecer, “futbolçular və məşqçilərin tənqidi dövrü bitdi, AFFA tənqid edilməlidir” tipli açıqlama verə bilir. Sanki tezis ötürmək ixtiyarı hiss edilir, yoxsa nə…
Futbolçu özündən müştəbeh davranışına görə tənqid olunur, meneceri sosial şəbəkədə “saxladığı” səhifə vasitəsilə “malalama” əməliyyatı edib, futbolçunu sarsaq arqumentlərlə haqlı çıxarmağa çalışır.
Bu və digər “hərəkətliliklər” həftəbecər effekti yaradır, onu çiçəkləndirir.
Ara qarışıb, məzhəb itib. Konspiroloji sərsəmləmələr kəllə-çarxa vurub. Hamısı da idarəetmədəki səriştəsizlikdən, çoxtirəlikdən doğur.
Dünən yeni AFFA rəhbərliyinin 1 ili tamam oldu. Geniş spektrdan dəyərləndirməmizi gözləyənləri intizarda qoymayacağıq. Aprelin 11-ni, illik Hesabat Konfransını gözləyək. Orada həftəbecərin konturları, gələcək taleyi bizə daha aydın görünəcək. Müfəssəl fikirlər, təhlillər konfransdan sonra…
Hələliksə dəqiq bildirə bildiyimiz – həftəbecər haqda məlumatlandırma idi.
Futbolumuz heç yaxşı yerə getmir.
Elçin Cəlilov