“İmişli” I Liqada mövsümə uğursuz start verib. Bölgə təmsilçisi birinci turda azarkeşləri önündə debütant “Baku Sporting”ə məğlub olub – 1:2.
Klubun icraçı direktoru Aqşin Mürsəlov “FutbolPress“ə açıqlamasında uğursuz startla bağlı fikirlərini bölüşdü:
“İlk tur idi, uşaqlar diqqətli ola bilmədilər. Hesabı açsaq da, qoruya bilmədik. Uşaqlarda sanki arxayınlıq oldu. Yaxşı heyətimiz, təcrübəli oyunçularımız var, düşünürəm ki, qarşıdakı turlarda daha yaxşı olacaqlar. Sanki oyuna köklənə bilmədilər. Qol buraxdıqdan sonra çox çalışsaq da, alınmadı. Heyətdə peşəkar futbolçular var, hərə öz işini bilir. Matçdan sonra da danışdıq və daha peşəkar olmalarını bildirdik. Çempionatda zəif komanda yox, zəif oyun var. Məsələn, “Mingəçevir”in heyəti yaxşı olmasa da, yaxşı futbol oynayıb, qələbə qazandılar”.
Hədəflərinin Premyer Liqaya yüksəlmək olduğunu deyən funksioner bu yolda əsas rəqiblərinin də adını açıqladı:
“Hədəfimiz Premyer Liqadır, heyətimizi ona görə qurmuşuq. Baş məşqçi və futbolçulara da bu haqda bildirilib. Məqsədimiz elitaya yüksəlməkdir, başqa bir hədəf yoxdur. Rəqiblərimizi düşünmüşük – “Karvan”, “Qəbələ” iddialı rəqibdir. Çempionatda pis komanda yoxdur, sadəcə yaxşı hazırlıq vacibdir. İlk turda gördünüz ki, favoritlər də xal itirdi. Əsas rəqabət “Qəbələ” ilə olacaq. Onlar konkret favorit deyil, amma köklü klublardır. Buna baxmayaraq, bizim də üstünlüklərimiz var. “Qəbələ”ni qabaqlayacağımıza inanıram”.
Şahin Cəfərov