Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək. “Neftçi” azarkeşləri önündə “Kəpəz”i qəbul edəcək.
Çempion “Qarabağ” gümüş medallar uğrunda mübarizə aparan “Zirə”nin qonağı olacaq. Autsayder “Qəbələ” “Sabah”ı, “Sumqayıt” isə “Səbail”i qəbul edəcək. Üç oyundur, məğlub olan “Turan Tovuz” isə “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Neftçi – Kəpəz
Əvvəlki oyunlar: 0:1, 2:0, 3:3
Gümüş medallar uğrunda mübarizə aparan “Neftçi” ötən turda “Qarabağ”a böyük hesabla məğlub olub və “üçlük”dəki yerini itirib. İkinci sıradakı “Zirə” ilə arasında iki xal fərq olan “ağ-qaralar” “Kəpəz”lə oyuna mütləq qələbə üçün çıxacaq. Azarkeşləri önündə biabırçı məğlubiyyəti unutdurmağa çalışacaq “Neftçi”də kapitan Emin Mahmudov zədə səbəbindən görüşü buraxacaq. Miodraq Bojoviçin rəhbərlik etdiyi kollektiv bu mövsüm 3 oyunda cəmi 1 dəfə “sarı-göylər”i məğlub edə bilib.
“Kəpəz” isə elitadakı yerini qoruyub. Turnir cədvəlində 8-ci sıraya yüksələn Gəncə təmsilçisi bir növ formal xarakter daşıyan oyunlara çıxsa da, xüsusilə, ötən tur “Sumqayıt”la matçda əzmkarlığı ilə diqqət çəkdi. “Kəpəz” “Neftçi” ilə oyunda da xal qazanmağı və nəticələrinin sürpriz olmadığını göstərmək niyyətindədir.
Araz-Naxçıvan – Turan Tovuz
Əvvəlki oyunlar: 0:3, 1:3, 0:2
Son turlarda qeyri-stabilliyi ilə seçilən “Araz-Naxçıvan” yeni baş məşqçisi Elmar Baxşıyevin rəhbərliyi altında üç oyunda bir qələbə qazanıb. Ötən turda “Sabah”a uduzan komanda turnir cədvəlində 9-cu pilləyə geriləyib. “Araz-Naxçıvan” ilk mövsümündə elitada qalmağı rəsmiləşdirib. Baxşıyev artıq yeni mövsümün komandasını formalaşdırmağı düşünür. Bu baxımdan hər matç oyunçuların sınanması üçün yaxşı test olacaq.
“Turan Tovuz” isə ardıcıl üç oyundur, məğlub olur. Tovuz təmsilçisinin son turda “Zirə”yə uduzmasından sonra bir sıra azarkeşlər narazılığını dilə gətirib, baş məşqçi Ayxan Abbasovu istefaya səsləyib. Uğursuz nəticələr fonunda avrokubok yarışından uzaq düşən “Turan Tovuz” bu turda qələbə qazanaraq, uğursuz seriyaya son qoymağı və narazı azarkeşlərini sevindirməyi düşünür.
Zirə – Qarabağ
Əvvəlki oyunlar: 1:0, 0:1, 1:3
“Zirə” gümüş medal yarışındadır. “Qartallar” son turlarda yaxşı çıxışı ilə diqqət çəkir və “Qarabağ”la oyun komanda üçün mövsümün ən kritik oyunu olacaq. Çempionatın əvvəlində “atlılar”a ilk məğlubiyyəti yaşadan “qartallar” yenidən uğurunu təkrarlamağa çalışacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv avrokubok yarışında əsas rəqiblərindən bir addım öndədir və qələbə işlərini daha rahatlaşdıra bilər.
“Qarabağ” isə ardıcıl itkilərdən sonra ötən tur “Neftçi”ni böyük hesabla məğlub etdi. Komandada atmosfer yaxşıdır və sona az qalmış, az şans qazanan oyunçular imkan düşdükcə özlərini sübut etməyə çalışır. Mövsümün bitməsinə üç tur qalıb və hər matç bir şansdır. Eyni zamanda, “Qarabağ” “Zirə” ilə Azərbaycan Kubokunun finalında üz-üzə gələcək və həmin görüş öncəsi rəqibi daha yaxşı tanımaq üçün bir imkan olacaq.
Qəbələ – Sabah
Əvvəlki oyunlar: 0:5, 1:0, 1:2
“Qəbələ” 14 turdan sonra ötən oyunda qələbə qazandı. Elitanın sonuncusu olacağı dəqiqləşən “qırmızı-qaralar” indi oyunlara daha rahat çıxır. Bir növ təzyiq azalıb və futbolçular stress altında olmadan meydana çıxır. Demək olar, bunun sayəsində ötən tur “Səbail”ə üç qolla qalib gələ bildilər. Kaxaber Sxadadze növbəti üç oyunda maksimum nəticəni hədəfləyir. Komandadakı taleyi sual altında olan gürcü mütəxəssis son turlarda yaxşı nəticələr əldə etməklə yeni mövsüm üçün “Qəbələ”də qalmağı arzulayır.
“Sabah” isə yaxşı formadadır. Krunoslav Renduliçin rəhbərliyi altında ardıcıl 4 qələbə qazanan “futuristlər” avrokubok mübarizəsini davam etdirir. Xorvat mütəxəssisin qarşısına qoyulan hədəf ikincilikdir və bu baxımdan növbəti üç oyunda qazanılacaq qələbə vacibdir. Buna baxmayaraq, “Sabah” öz qələbələriylə yanaşı, rəqibi “Zirə”nin də xal itirməsini gözləməlidir. “Qartallar” bu turda “Qarabağ”la qarşılaşacaq və bu, “Sabah” üçün ikinci sıraya yüksəlmək adına yaxşı fürsətdir.
Sumqayıt – Səbail
Əvvəlki oyunlar: 4:1, 1:0, 1:0
“Sumqayıt” mövsümün sürpriz komandalarındandır. Əzmkar oyunu ilə yaxşı nəticələrə imza atan “kimyaçılar” turnir cədvəlində üçüncü sıradadır. “Səbail”lə matçda favorit “Sumqayıt”dır və Samir Abasovun komandası azarkeşləri önündə yaxşı nəticəni hədəfləyir. Üst pillələrdəki “Sabah” və “Zirə” səfərdə oynayacaqlar və “Sumqayıt” bu imkandan yararlanmaq niyyətindədir. Həm də, turun son görüşü məhz bu olacaq və buna qədər rəqiblərin xal itkisi yaşaması komandanı daha ruhlandıra bilər.
“Səbail” isə son turların ən zəif təsir bağışlayan komandasıdır. Ötən turda autsayder “Qəbələ”yə məğlub olan “dənizçilər” Sumqayıt səfərindən azı heç-heçə ilə dönməyi planlaşdırır. Turnir cədvəlində altıncı sıraya qədər geriləyən Bayıl təmsilçisi son 8 oyunda cəmi 1 qələbə qazanıb. Baş məşqçi Şahin Diniyevin də artıq taleyi sual altındadır. Hər matçdan sonra yeni mövsüm üçün iddialı olacaqlarını bildirən Diniyev bir növ yerini möhkəmlədir. Buna baxmayaraq, “Sumqayıt”a məğlubiyyət və “Turan Tovuz”un “Araz-Naxçıvan”ı məğlub etməsi “dənizçilər”i 7-ci pilləyə yuvarlaya bilər.
Şahin Cəfərov