Güləş üzrə təlim-məşq toplanışlarına start verildi

Güləş üzrə Azərbaycan milli komandalarının təlim-məşq toplanışlarına start verib.

Futbolpress.az xəbər verir ki, Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşçiləri Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçir. Güləşçilər məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirir.

Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komandanın əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.

Yunan-Roma və qadın güləşi üzrə Azərbaycan milliləri isə 5-9 fevralda Xorvatiyada keçiriləcək ilin ilk reytinq turnirinədək məşqləri doğma məkanda davam etdirəcək. Hər iki komanda “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.