“Şahdağ Qusar” II Liqada 12 turdan sonra maksimum nəticə ilə birinci sıradadır. Komanda ən yaxın izləyicisi “Şəfa”nı 5 xal qabaqlayır.
“Şahdağ Qusar”ın futbolçusu Rahid Əmirquliyev “FutbolPress“ə açıqlamasında komandanın çıxışını dəyərləndirdi:
“Yaxşı komandamız, məşqçimiz, rəhbərliyimiz var və yaxşı çıxışımızın səbəbi budur. Ailə kimi birləşmişik, hamı mehribandır. Üstəlik, heyətdə kifayət qədər oynayan oyunçularımız var. Hamı bir amal uğrunda mübarizə aparanda nəticələr də gəlir. Olduğumuz mövqeyə layiqik”.
Təcrübəli oyunçu mövqelərini qorumaq üçün çalışacaqlarını söylədi:
“Düzdür, tempi qorumaq asan olmayacaq. Çünki çempionatda yaxşı rəqiblər var. Rahat olmayacaq, amma çalışacağıq. Qış fasiləsində bəzi komandalar güclənəcək. Biz də də bir neçə mövqeyə oyunçu gətirilə bilər. Qarşıda uzun vaxt və ağır oyunlar var. İnanıram ki, çempionatı yuxarı sıralarda bitirə bilərik. Hər şeyə hazırlıqlı olmalıyıq”.
35 yaşlı yarımmüdafiəçi klubun hədəflərindən söz açdı:
“Hədəfimiz I Liqaya yüksəlməkdir. İnşallah, bunun üçün əlimizdən gələni edəcəyik. İndi gələcəyimlə bağlı nəsə deyə bilmərəm. Futbol oynamağa həvəsim var. Sadəcə bilmirəm, I Liqa səviyyəsində oynaya biləcəm, ya yox. Gücüm olsa, nə üçün oynamayım? Lakin indi nəsə demək tezdir. Əsas məqsədimizə çataq, bu, sonranın işidir”.
Şahin Cəfərov