“Güclü komandalara qarşı oynamaq daha rahatdır” – Əmircanov

Azərbaycan II Liqasında mövsüm başa çatdı. Mövsümü ikinci pillədə başa vuran “Cəbrayıl” I Liqaya vəsiqə qazanmaq üçün həmin liqanın 9-cusu “Difai Ağsu” ilə üz-üzə gələcək.

“Cəbrayıl”ın müdafiəçisi Ruslan Əmircanov “FutbolPress”ə açıqlamasında mövsümün dəyərləndirdi:

“Mövsüm ərzindəki çıxışımıza baxdıqda görərik ki, 6 oyunda məğlub olmuşuq 1 oyunda isə heç-heçə etmişik. İkinci yeri tutaraq pley-offa vəsiqə qazanmaq sevindirici haldır. “Baku Sportinq”, “Füzuli”, “Şahdağ Qusar” kimi komandalardan xal ala bilmədik, bu da çempionatı ikinci başa vurmağımıza səbəb oldu. Rəhbərlik, cəbrayıllılar bizə hər zaman inandı, etmad etdi. Komanda yoldaşlarım da sona qədər mübarizə apardı. Onların bu əzmkarlığı alqışalayiqdir. Halal olsun onlara ki, ikinci olmağı bacardılar. Oyunlar var idi ki, həmin matçlarda xal itirməməli idik. Bu xal itkiləri olmasaydı, çempion da ola bilərdik. Amma təəssüflər olsun ki, bunlar baş verdi”.

Əmircanov pley-off matçı barədə də fikirlərini bölüşdü:

“I Liqada çıxış edən hər komanda güclüdür. Ümumilikdə, güclü komandalara qarşı oynamaq daha rahatdır. Çünki futbolçular oyuna daha ciddi yanaşırlar və məsuliyyətli olurlar. Olur ki, özündən zəif olan komandaya qarşı bir az arxayın meydana çıxırsan. Lakin güclü kollektivla oyuna fərqli çıxırsan. Hər zaman güclü komanda zəif rəqibə qarşı rahat çıxış edə bilmir. Tam ciddiyətlə yanaşacağıq məsələyə. Çalışacağıq ki, I Liqa şansını əldən verməyək. Əlimizdən gələni edəcəyik ki, son iki oyunumuzda qalib gələk”.

Futbolçu gələcək karyerası haqda da danışdı:

“Hazırda yaxşı formadayam. 39 yaşımın olmasına baxmayaraq, özümü daim formada hiss edirəm. Cavan futbolçulardan geri qalmıram. Çalışmışam ki, performansım aşağı düşməsin. İnşallah, I Liqaya vəsiqə qazanarıq. Əgər komanda mənə ehtiyac duyarsa, istəyərlərsə yola birlikdə davam etmək, o zaman “Cəbrayıl”In formasını geyinəcəm”.

Məlik Məlikov