Azərbaycan futbolunda tarixi proseslərin cərəyan etdiyi ili yaşayırıq. 16 ildən sonra, məhz bu il durğunluq, monopoliya tərpədildi. Artıq AFFA yeni idarəetmədə və yeni forma(t)dadır.
Şəxsi təcrübəmdən subyektivimi açıqlamaq istərdim – əslində, qurum ətrafında “məxməri inqilab” baş verdi… İnqilab sözündən çəkinmək gərək deyil, burada sözün məhsuldar, pozitiv mənasından söhbət gedir.
Qısaca, hazırkı forma böyük ölçüdə xeyli əvvəldən hazır idi, sadəcə bu günə keşməkeşli yollarla gəldik…
Hər necəsə, artıq neqativ bidonu, uğursuzluqlar simvolu Elxan Məmmədov “zərərsizləşdirilib”. Hərçənd, hələ də hansısa həmlələri istisna etməməkdə fayda var. Ehtiyatı bir müddət də əldən vermək olmaz…
Üstəlik, adamın bu industriyada kök salmış “drujinası” da nəzərdən qaçmamalıdır – “metastaz” təhlükəsi izlənməlidir. Ən pis halda, “partizan mübarizəsi” danılmazdır. Sayıq olmaqda fayda var…
Həmkarlarımdan birinin yazısında qeyd edildiyi kimi, hələlik bu səhifəni qapatmaq olar. İndi yeni səhifə açmağın zamanıdır.
AFFA-nın yeni idarəetmə kabineti özünü formalaşdırmalıdır. Daha doğrusu, tam format bilinməlidir.
Artıq BİZDƏN yan qaçan, uzaq duran tipajlar yox, BİZƏ SARI gələnlərdir yeni kabinetdəkilər. Bir növ, futbolyönlü ad çox az olsa da, futbolumuzun yönlü olmasını könüldən istəyən kəslər çoxdur yeni isteblişmentdə…
Keçmişin aqressiv, qara pərdələrini unudaq, önümüzə baxaq.
Gözləyirik. Hamımız. AFFA da… Gözləyir – “feedbacklar”, ideyalar, layihələr, dəstək və s.
Gözləyirik – AFFA-nı… Ki, artıq tutarlı tərpəniş zamanıdır. İllərlə qabardılmaqdan əzbərə çevrilmiş problemlərin həlli üçün qərarlar qəbul etməyə isə çox gözləməyə dəyməz. Çoxdan bilinən şeylərin düzəlməsi üçün tərpəniş… Bəli, artıq olmalıdır.
Uşaq futbolu, infrastruktur, kadr problemi, liqaların vəziyyəti/formatı, futbolumuzun ictimaiyyətlə kommunikasiya – təməl meyarlardır.
Nə vaxt olacaq İcraiyyə Komitəsinin növbəti iclası?
Toplaşıb, bunlardan başlamaq lazımdır.
Gözləntilərin gətirdiyi nigaranlıqdan doğan bir sakitlikdir bu. Həmişə belə olmayacaq amma. İK-nın ilk iclasından dərhal sonra artıq bilinəcək – mənzil və niyyət uzlaşırmı…
Bəzi sədaları var – məsələn, köklü audit bunların arasında ən diqqətçəkəndir. Deməli, artıq maliyyə kirliliyinə yol verilməyəcəyi bəlli olur və bu, müsbət məqamdır. Hər bir qərar üçün ciddi araşdırmaların aparılması haqda xəbərlər var. Bu da xoş məqamdır.
Ona görə də heç bir fərdə, subyektivə yönəlmədən, detalçılıqdan uzaq qalmaqla – gözləmək davam edir…
İlk qərarlardan belə tutarlı addımların atılacağını ümid edək..
Elçin Cəlilov