“Göyqurdlar”dan narazılıq: “11” dəfə düşünün”

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Millətlər Liqasında ilk oyuna çıxacaq. Komanda Monteneqronu qəbul edəcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan yığmasının azarkeş qrupu “Göyqurdlar” görüşdə iştirak edə bilməyəcək. Fanatlar Mərdəkanda yerləşən “Liv Bona Dea Arena”ya hava şəraitinə görə gedə bilməyəcəyini açıqlayıb. Fan klub eyni zamanda oyunun daha yaxın ərazilərdə yerləşən stadionlardan birində keçirməyin daha məqsədəuyğun olduğunu qeyd edib:

“Bu gün Azərbaycan – Monteneqro oyununa planlaşdırılan iştirakımızı hava şəraitinin kəskin pisləşməsi səbəbindən ləğv edirik.

Son məlumatlara əsasən, əksər şəhərkənarı yollar buz bağlayıb və nəqliyyat üçün təhlükəlidir.
Bizim üçün ən vacib olan üzvlərimizin təhlükəsizliyi və sağlamlığıdır, buna görə də bu qərarı vermək məcburiyyətində qaldıq.

Bir daha soruşuruq: Belə hava şəraitində və qış fəslində, şəhərdən kənarda yerləşən stadionda oyun təşkil edərkən azarkeşləri düşünürdünüzmü? Əgər azarkeşlərin stadiona gəlməsini istəyirsinizsə, növbəti səfər “11” dəfə düşünün.

Biz hər zaman komandamızın yanındayıq, amma bu münasibəti görmək də istəyirik. Azarkeş sadəcə bilet alan bir müştəri deyil, futbolun ruhudur!”

Azərbaycan – Monteneqro oyunu saat 15:00-da start götürəcək.