Geridönüşlər turu

Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.

Lider “Qarabağ” və ikinci pillədə yer alan “Zirə” qələbə qazanıb, “Sabah” və “Sumqayıt” isə xalsız qalıb. Turun yeganə qolsuz matçı “Kəpəz” – “Araz-Naxçıvan” görüşündə olub.

Səbail – Qarabağ 1:4

Elitada qalmaq mübarizəsi aparan “Səbail” bu yolda növbəti yarasını aldı. Liderlə oyunda 4 qola üzülən “dənizçilər”in sona yaxınlaşdıqca Premyer Liqa günləri qısalır. “Qarabağ”la matçda zəif təsir bağışlayan və güclü rəqibinə heç cür müqavimət göstərə bilməyən Bayıl təmsilçisi təsəlli qolu ilə kifayətləndi.

“Qarabağ” isə çempionluğa bir addım da yaxınlaşdı. Sona 6 tur qalmış ən yaxın izləyicisi “Zirə”ni 15 xal qabaqlayan “atlılar”ın qızıl medalların sahibi olacağına şübhə yoxdur.

Turan Tovuz – Sabah 2:1

Turun gərgin görüşlərindən biri Tovuzda baş tutdu. Hər iki kollektiv uzun müddətdir qələbə qazanmırdı və bu, oyunöncəsi tərəflər üzərində əlavə təzyiqə səbəb olmuşdu. Elə matçın birinci hissəsində “Sabah”ın azlıqda qalması, “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin əsəblərinə hakim ola bilməməsi və qırmızı vərəqə alması bundan xəbər verirdi. 3 qolun vurulduğu görüşdə “Sabah” fasiləyə üstün yollansa da, meydan sahibləri ikinci hissədə ardıcıl qollarla qələbəsizlik seriyasını bitirdi və avrokuboklara vəsiqə şanslarını saxladı.

“Sabah” isə kuboka köklənib. Premyer Liqa matçlarındakı ardıcıl xal itkiləri baş məşqçi Vasili Berezutski üçün ciddi siqnal olmalıdır. Gedişat onu göstərir ki, komanda kuboku qazansa belə, APL-dəki uğursuzluq mütəxəssislə vidaya səbəb olacaq.

Sumqayıt – Şamaxı 1:2

“Şamaxı” Premyer Liqada növbəti səfər qələbəsini qazandı. Ayxan Abbasov sabiq klubuna qarşı yüksək pressinqli oyuna üstünlük vermişdi və bu, ilk hissədə bəhrəsini verirdi. Orta xətdə top itkilərinə yol verən “Sumqayıt” əsas diqqəti əks-hücumlara bağlamışdı. “Şamaxı”nın təhlükəli hücumundan sonra cəld irəli atılan “kimyaçılar” 2-3 ötürməyə fərqlənməyi bacardı. İlk hissədə geri düşən “Şamaxı” fasilədən sonra dönüş etdi. İkinci hissəyə daha aktiv başlayan və sürətli oyunla rəqib müdafiəsində qarışıqlıq yaradan “şirlər” ardıcıl qollarla önə keçdi və matç belə başa çatdı.

“Şamaxı” demək olar, elitadakı yerini təmin etdi və artıq daha irəli qalxmaq mümkündür. 5-ci pillədəki “Sabah”la 5 xal fərqi olan “Şamaxı” mövsümü mümkün qədər irəli pillədə bitirməyə çalışacaq. “Sumqayıt” isə autsayderi 9 xal qabaqlayır. “Səbail”in durumuna baxsaq, bu fərqin qapanması inandırıcı görünmür.

Kəpəz – Araz-Naxçıvan 0:0

Turun yeganə qolsuz görüşü Tovuzda oldu. Gəncə şəhər stadionunun təmiri ilə əlaqədar ev oyunlarını burda keçirən “Kəpəz” elitada qalmaq yolunda vacib bir xal qazandı. Üçüncü sıraya iddialı “Araz-Naxçıvan”dan xal qoparmağı bacaran “sarı-göylər” sona 6 tur qalmış autsayderi 8 xal qabaqlayır.

“Araz-Naxçıvan” isə xal itirsə də, dördüncü “Turan Tovuz”la fərq çox azalmadı. Arada 5 xal var və qarşıdakı turlarda hər şey mümkündür. Mövsümün son dövrəsində gözlənilməz xal itkilərinə yol verən “Araz-Naxçıvan” qeyri-stabil nəticələrlə diqqət çəkir. Qələbə seriyası yaxalaya bilməyən komandanın əsas problemi müdafiədəki itkilərdir.

Neftçi – Zirə 2:4

Turun mərkəzi görüşü bolqollu alındı. Premyer Liqada ciddi iddiası qalmayan “ağ-qaralar” yaxşı başladığı oyunu məğlub bitirdi. Birinci hissədə ardıcıl qollarla önə keçən “Neftçi” üstünlüyünü qoruya bilmədi. Bu, paytaxt klubunun bumövsümkü “xasiyyətlər”indəndir. Daha öncə də “Şamaxı” ilə matçda 2:0 hesablı üstünlük yaxalayan “ağ-qaralar” sonda qələbə qazana bilməmişdi. Bu dəfə isə nəticə daha ağır oldu.

İkinci hissədə inamlı oyunu və hər fürsətini maksimum dəyərləndirməyə çalışan “Zirə” layiqli qələbəsini qazandı. Komanda gümüş medallar yolunda daha bir addım atdı. Üçüncü pillədəki “Araz-Naxçıvan”dan 6 xal öndə olan “qartallar”ın bu mövqeyi əldən verəcəyi inandırıcı görünmür. Azından komandanın çıxışı bunu deməyə əsas verir.

“Neftçi”də isə əsas hədəf kuboku qazanmaqdır. “Sabah”la yarımfinalın ilk matçında 1:2 hesabıyla uduzan “ağ-qaralar”ın cavab oyununda işi daha ağır olacaq. Məğlubiyyət, kuboka vida “Neftçi” üçün mövsümü erkən bitirmiş olacaq.

Şahin Cəfərov