“Gedirik ki, gələk. Şəhər sizə əmanət qonşular”
Premyer Liqanı tərk edən “Səbail”in azarkeşləri mövsümün son oyununda bu pankartla “qapını bərk çırpıb” getdilər.
“Dənizçilər” adlanan fan-klub (?) bu pankartı açdı. Getdi. Hər öz evinə.
Dəniz də neçə ildi ki, gedir. Geri qayıdacaqmı…
Dəniz getdiyi (tərk etdiyi) yerləri kimə tapşırıb (?).
Dənizin getməyinin (aradan çıxmağının) səbəbləri tam məlum deyil, məlum olan Bakı buxtasında adaların peyda olmasıdır.
Ölkəmizin ərazisi genişlənir, ən azı əhəmiyyəti var. Yenə bunda bir fayda tapmaq olur. Axı “Səbail”…
***
Qonşular deyərkən nə, kim (lər) nəzərdə tutulurdu? Niyə qonşulardan əvvəl vergül, sonra nida yox idi? Belə qonşuyamı etibar etdilər “Səbail”lərini?
Bir mövsümdə 3 baş məşqçi dəyişməklə Premyer Liqanı 6-7 milyon büdcə müqabilində tərk etmək qədər müəmmalı şeylərdir hamısı…
Zarafat bir yana, o pankart niyə hazırlanmışdı ki?
“Səbail” hara gedir, kimə əmanət edirlər?! I Liqa oyunları da həmin stadionda keçiriləcək də. APL-dən I Liqaya düşəndə şəhəri əmanət qoyub gedirlər?..
“Dənizçilər” dalğa geçiyorlarmı?…
***
İllərdir, “bu klub niyə var ki” dedirdən “Səbail” üçün ilk dəfə pankart açıldı, o da “bu pankart niyə açıldı” dedirtdi.
Əfsanəvi mənasızlıq, yoldaşlar!
Hələlik (,) sağ olun…
Elçin Cəlilov