Ötən il ölkə xaricinə üz tutan azərbaycanlı futbolçular yavaş-yavaş geri qayıdır.
2023-cü ilin yayında Türkiyəyə yollanan Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”) artıq klubunu tərk edib və karyerasına yenidən Azərbaycanda davam edəcəyini söyləyib. “Ümraniyespor”da çıxış edən Coşqun Diniyev hələ rəsmiləşməsə də, yol üstündədir. İsveçin “Yurqorden” klubuna transfer olunan Musa Qurbanlı isə ilk qayıdan oldu. Forvard sabiq klubu “Qarabağ”la rəsmi müqaviləyə imza atıb.
İndi isə Şahruddin Məhəmmədəliyevin qayıtması gündəmdədir. Qapıçı çatışmazlığı yaşayan “Qarabağ”ın sabiq qolkiperini qaytarması gündəmdədir. Şahruddin “Adana Demirspor”dan maliyyə problemlərinə görə vidalaşıb.
Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda forma geyinən Mahir Emreli də qayıda bilər. Forvard digərlərindən fərqli olaraq, qərar verməyə tələsmir. Ölkə xaricində qalmaq arzusunda olan Emreli qane edəcək təkliflər olmasa, yenidən Azərbaycana qayıda bilər. Onun adı “Sabah”la yanaşı çəkilir.
2023-cü ilin yayında ölkə xaricinə üz tutanların nə az, nə çox – düz bir il sonra geridönməsi əslində gözlənilən idi. Azərbaycanlı futbolçulara ölkə xaricində inam azdır. Əsas səbəb də onların özünü doğrulda bilməməsidir. Eyni zamanda, yerli futbolçuların əksəri legioner olmaqdansa, ölkə daxilində daha yaxşı şərtlərlə oynamağa müsbət yanaşır.
Kamil Əhməd