Futbolumuzun inkişaf strategiyası: nələrə diqqət edilməlidir?

Azərbaycan futbolunda son günlərin əsas müzakirə mövzusu ölkədə uşaq futboluna diqqətin artırılması və inkifaş strategiyasının hazırlanmasıdır. Azərbaycan futboluna cavabdeh qurum AFFA strategiya üçün Belçikanın “Double Pass” və “McKinsey & Company” şirkətləri ilə anlaşıb. Bəs strategiya nə zaman hazırlanacaq, hansı formada olacaq, yerli mütəxəssislər iştirak edəcəkmi? Suallar çoxdur, ancaq hələ bununla bağlı dolğun informasiya yoxdur.

Daha əvvəl 2005-2015-ci ildə futbolun inkişafı ilə bağlı dövlət proqramı qəbul olundu. Bu çərçivədə Azərbaycana əcnəbi mütəxəssislər dəvət olundu, Almaniyada futbol məktəbləri açıldı. Lakin nə burda, nə orda effekt alındı. İlk proqram uğursuz alındı və bununla bağlı hesabat təqdim edilmədi. Mövcud vəziyyət nəzərə alınanda, inkişafın olmadığı və pulların havaya sovrulduğu aşkar olunur. Hər bir halda, bunlar geridə qalıb və nələrisə dəyişmək üçün yeni strategiyada mütləq işlər görülməlidir.

Futbol mütəxəssisi, vaxtilə Azərbaycan yığmasında məşqçi kimi çalışmış Arif Əsədov hazırlanmaqda olan inkişaf strategiyası ilə bağlı fikirlərini bildirdi:

“Strategiyanın yazılması zamanı bir neçə nüans nəzərə alınmalıdır. İlk növbədə hazırda ölkə futbolunun durumu təhlil edilməli, futbolçu potensialı, şərait nəzərə alınmalıdır. Buna uyğun layihə qurulmalıdır. Çünki əlindəki materiala, potensiala uyğun strategiya qurmalısan. Ondan əlavə, bu məsələyə yerli mütəxəssislər də cəlb olunmalıdır. Əks halda, xarici mütəxəssislər gəlib, maliyyəni xərcləyib gedəcəklər. Nə inkişaf olacaq, nə bir şey. Buna görə yerli mütəxəssis məsələsi mütləqdir. Ölkə futbolunu bilən adamlar da buna töhfələrini verməlidir. Çünki başqa ölkədən strategiya götürüb, burda tətbiq etsələr, düzgün olmayacaq. Hər ölkənin müəyyən durumu, futbolçu potensialı var. Ona görə məsələn, Braziliyada uğurlu olan strategiya burda da uğurlu olacaq demək düzgün deyil. Yenə deyirəm, mövcud durum nəzərə alınmalıdır”.

İnkişaf strategiyanın hansı dönəmi əhatə edəcəyi hələlik müəyyən deyil. Hər bir halda, inkişaf istənilirsə vaxta ehtiyac var. Uşaq futbolundan başlayaraq, əsas yığmanın durumuna qədər vəziyyət, nəticələr, komandaların potensialları, klubların akademiyalarındakı durumlara qədər hər xırda detal nəzərə alınmalıdır. İnkişaf bütün sahələri əhatə etməlidir. Strategiyanın hazırlanmasında daha bir vacib məqam yerli mütəxəssislərin fikirlərinin dinlənməsidir. Daha əvvəl açıqlama verən Yaşar Seyidov inkişaf strategiyası ilə bağlı öz təklifini irəli sürdüyünü bildirib:

“AFFA yeni strategiyanın yazılması ilə bağlı Belçika şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Son görüşdə mən və Tahir Süleymanov da iştirak etdi. Azərbaycan futbolunda təcrübəli biri kimi öz təkliflərimi onlara təqdim etdim. Ölkədə futbolun inkişafı, problemlərin həlli üçün ciddi layihədir. Bu, onların strategiyasında öz yerini tapacaqsa, inanıram ki, futbolumuzun inkişafı olacaq”.

Hazırda ölkədə futbolla bağlı mövcud durum ürəkaçan deyil. İstər aşağı yaş qrupları yığmalar, istərsə də əsas milli komandaların nəticələri qənaətbəxş deyil. Aşağı yaş qruplarında oynayan uşaqlar gələcəkdə A millinin heyətini formalaşdıracaq. İndiki məqamda bu uşaqların potensialı pozitiv gələcəyə ümid vermir. Buna baxmayaraq, inkişaf strategiyasının düzgün qurulması və bu istiqamətdə ciddi addımların atılması nələrinsə dəyişməsinə səbəb olacaq.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.