Son günlər Azərbaycan milli komandaları uğursuz nəticələrlə yadda qalıb. Əsas yığma UEFA Millətlər Liqasında İsveç və Slovakiyaya uduzub. Millilərdə yeganə əcnəbi məşqçi A milli komandadır və yeni baş məşqçi Fernandu Santuşun debütü uğursuz alındı.
Əsas yığma ilə yanaşı, aşağı yaş qruplarında da nəticələr qənaətbəxş deyil. Millilərdə yerli məşqçilər işləməlidir prinsipi aşağı yaş qruplarında ötən ildən qorunur, amma nəticələr yenə qaydasına düşmür.
U-21 millisinə Samir Əliyev başçılıq edir. Komanda onun rəhbərliyi altında bir neçə gün öncə Lüksemburqa uduzub – 0:2. Bu gün isə komandanın növbəti sınağı Serbiyaya qarşı olacaq. Heyət baxımından daha üstün olan serblər favoritdir, amma futbol meydanda oynanılır və Əliyevi azı heç-heçə qane edə bilər.
U-19 millisinə Elxan Abdullayev rəhbərlik edir. Onun komandası isə İspaniyada keçirdiyi təlim-məşq toplanışında qələbə görmədi. Komanda müvafiq olaraq Niderlanda (0:3), Şotlandiyaya (0:2) və Uelsə (0:3) uduzdu. Yaş azaldıqca nəticələr daha pisə doğru gedir sanki…
Məğlubiyyətlər sırasına son olaraq U-17 komandamız qoşuldu. İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv Türkiyədə bu ölkənin 17 yaşadək futbolçulardan ibarət kollektivinə 0:4 hesabıyla uduzdu. Komandalar arasında növbəti görüş olacaq və türklər yenə favorit olacaq.
Son günlərdə Azərbaycan komandaları 7 oyuna çıxıb və hər biri məğlubiyyətlə nəticələni. Əsas, U-21, U-19 və U-17-dən yalnız əsas komanda qol vurub, o da Bakıda İsveçə qarşı. Digər kollektivlərin aktivində isə qol yoxdur.
Nəticələrə baxanda isə bir sual düşündürür – gələcəyimiz etibarlı əllərdədir?
Kamil Əhməd