“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb.
Futbolpress.az xəbər verir ki, yeni qurum COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunub.
Beləliklə, dünyanın 11 tanınmış klubu öz öhdəliklərinin bəyannaməsini imzalamaqla və insanları iqlim dəyişmələri üçün hərəkətə keçməyə çağırmaqla həmrəylik nümayiş etdiriblər. Futbol klubları bu məqsədlə dayanıqlı təcrübələr tətbiq etmək, məlumatlılığı artırmaq, futbolun populyarlığından istifadə etməklə iqlim dəyişmələrinə qarşı mübarizəni təşviq etməyə, təkcə bir-biri ilə deyil, “İqlim Fəaliyyəti üçün UNFCCC İdman” da daxil olmaqla, digər müvafiq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.