Flavinyo: “Neftçi” üçün çox darıxıram”

2010-2015-ci illər aralığında “Neftçi”də çıxış edən braziliyalı futbolçu Flavinyo Valensio Aleks “FutbolPress”ə açıqlama verib.

O, açıqlamasında hazırda futbol akademiyasında fəaliyyət göstərdiyini bildirdi:

“Hazırda uşaqlar üçün futbol məktəbim var. Yeni futbolçular hazırlayırıq. İşlərimiz yaxşı gedir. İstəyim gənc və istedadlı futbolçuları üzə çıxarmaqdır. İnanıram ki, istəyimə nail olacağam”.

Flavinyo “Neftçi”nin hazırkı vəziyyətə düşməsində klub rəhbərliyini günahlandırdı:

“Artıq bir müddətdir ki, “Neftçi”nin oyunlarını izləmirəm. Onların düşdüyü vəziyyəti faciə adlandırmaq olar. Komandanı fikirləşən yoxdur. Belə olan halda isə “Neftçi” heç vaxt uğur qazana bilməz. Bir neçə dəfə komandaya kömək etməyə çalışmışam. Belə ki, onlara yaxşı oyunçular təklif etdim. Lakin bütün təkliflərim geri çevirildi. Başa düşmürəm ki, niyə kimsə bu məsələni yoluna qoymur. Lakin “Neftçi”dən, Azərbaycandan, azarkeşlərdən ötrü çox darıxıram. Sizin vasitənizlə onlara salamlarımı çatdırıram. Bildirmək istəyirəm ki, onları unutmamışam. Bir gün azarkeşlərlə görüşmək üçün mütləq Azərbaycana səfər edəcəyəm”.

Məlik Məlikov