Finala layiq oyun – “Zirə” ümid verdi

Azərbaycan Premyer Liqasının ikinci sırada bitirən “Zirə” ölkə kubokunun da gümüş medalçısı oldu. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv həlledici oyunda “Qarabağ”a məğlub oldu – 1:2.

Finaldan öncə “atlılar” aşkar favorit idi. Heyətinə və təcrübəsinə görə “qartallar”ı üstələyən “Qarabağ” oyun baxımından ciddi üstünlük göstərə bilmədi. İlk hissəni ehtiyatlı keçirən komandalar müdafiədə daha kompakt oyuna üstünlük verirdi. Fasiləyə az qalmış ani diqqətsizlik “Qarabağ”ın fərqlənməsi ilə nəticələndi. Braziliyalı Juninyo ustalıqla topu ram edib, hesabı aça bildi.

İkinci hissəyə də “atlılar” daha aktiv başladı. Ardıcıl hücumlarla ikinci qolun axtarışında olan “Qarabağ” bir neçə epizodu dəyərləndirə bilmədi. Əvəzində “Zirə” standart vəziyyətdən sonra hesaba tarazlıq gətirə bildi. Keçmiş “Qarabağ”lı İsmayıl İbrahimli sabiq komandasını məyus edə bildi. Buna baxmayaraq, komandanın sevinci uzun çəkmədi. Bu dəfə Abdullah Zubir adını tabloya yazdırdı və komandasına qələbə qazandıran qolun müəllifi oldu. Bəlkə də, bu, Zubirin “Qarabağ” formasıyla sonuncu oyunu olaraq tarixə düşəcək. Yeri gəlmişkən, onun klubdan gedişi gündəmdədir. “Qarabağ” saxlamaq istəsə də, təkliflər oyunçunu düşünməyə vadar edir.

Buraxılan qoldan sonra təzyiqi daha artıran “Zirə” bir neçə dəfə kəsərli hücumlar təşkil edə bildi. Xüsusilə, Rüstəm Əhmədzadə bir neçə fürsəti boşa verdi. “Zirə” məğlub olsa da, layiqli mübarizə apardı.

Ölkə kubokunda demək olar, son illərin ən gərgin finalı keçdi. Premyer Liqanın çempionu ilə gümüş medalçısının dueli “Qarabağ”ın qələbəsiylə başa çatdı. “Atlılar” bir daha Azərbaycan futbolunda özünə rəqib olmadığını göstərdi.

“Zirə” isə düzgün yoldadır. Rəşad Sadıqovun komandası mövsümün əvvəlində minimal hesablı qələbələrə görə tənqid olunsa da, xüsusilə, qış fasiləsindən sonra hücum fazasında artırıb. Əks-hücumlarda effektivlik nümayiş etdirən “qartallar”ı qarşıda Avropa sınağı gözləyir. Avropa Liqasının I təsnifat mərhələsindən yola çıxacaq Sadıqovun komandası gələcək adına müsbət siqnallar verdi.

Şahin Cəfərov